İranın cənub əyaləti olan Buşəhr Fars ( qədimdə Kəngər) körfəzinin sahillərində yerləşir.

Tehrandan 1281 km. uzaqlıqında yerləşən şəhərdə azərbaycanlı elat tayfası olan Qayşqay türkləri geniş yayılıb.  

Qaşqaylar Azərbaycan dilinin qaşqay ləhcəsində danışırlar.

Qeyd edək ki, qaşqa Azərbaycan dilində "alın", cağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə görə, onlar İranda olan türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılıblar. Bu gün Buşehrdə yaşayan qaşqay tayfalarının toy adətləri barəsində söhbət açacağıq. 

Buşehr vilayətində mədəniyyəti, mehribanlığı və qonaqpərvərliyi ilə tanınan şumerlərin nəslindən olan Qaşqay və Gəngər türkləri vilayətin ərəb, fars və lor əsilli vətəndaşları ilə sülh şəraitində yaşayırlar.

Vilayətin etnik əhalisi ilə bağlı rəsmi sənəd yoxdur, lakin araşdırmalara görə Qaşqay, Kəngər və Azərbaycan türkləri  vilayətin əhalisinin 35-40 faizini təşkil edir

Bu əyalətdəki türklər türk əhalisinin çox olduğu Deşti, Deştistan və Tengistan şəhərlərində yaşasa da, Buşehr vilayətinin mərkəzində türk kəndləri və köçərilər azlıq təşkil edir.

Bu bölgə türklərinin dərisi qara olsa da, mədəniyyəti, dili, adət-ənənələri və bütün gündəlik həyatları Altayda gördüyümüz türk mədəniyyəti qədər saf, möhkəm və qədimdir.

Bu bölgədə yaşayan türklər rəngli paltarları sevirlər və bu xüsusiyyətləri bölgədəki Qaşqay türk qadınlarının geyimində də özünü göstərir. Xorasan musiqisi və yerli rəqsləri bu bölgənin türklərilə eynidir.

Buşehrdə Qaşqay və Kəngər türklərinin evlilik və toy adətləri 

Bu şəhərdə yaşayan Qaşqay tayfasının köçəriləri ailənin formalaşmasının hər mərhələsində öz adət və ənənələrinə əməl edirlər.

Gənclər gələcək həyat yoldaşlarını Qaşqay və digər türk tayfaları arasından seçirlər. Daha sonra bəyəndikləri xanımla bağlı ailələrinə danışır, onların fikirlərini öyrənirlər. Valideynlər qızın ailəsinə adam göndərib elçi getmək üçün icazə istəyir. Ailələr ilk tanışlıq üçün görüşürlər.

Qızın atası tayfanın hörmətli adamları ilə məsləhətləşdikdən sonra onlara elçi göndərməyə icazə verir və dəvət edir.

Vəd olunan gündə oğlanın ailəsi bir qrup tayfa ağsaqqalı ilə qızın evinə gedir və elçilik mərasimi gerçəkləşir.

Qaşqay və Kəngər türklərinin evlilik ənənələrinin hər birində ailə birliyini və tayfa kimliyini qoruyub saxlamaq üçün nəsildən-nəslə ötürülən mesajlar var.

Evlilik hazırlığı üçün görülən işlərin bir qismi onların arasında xüsusi bir termin kimi tanınır. Məsələn, cehiz təyini ilə zahiri mülkiyyət sənədi tərəflərin razılığından sonra tayfa sənədində qeyd edilir və sonra hər iki tərəfin şəxsiyyət vəsiqələrinə yazılır.

Bu bölgədəki türk kişiləri tayfa daxilindən olanlarla evlənirlər. Eynilə qızlar da tayfadan olan bir gənclə evlənməyi daha üstün tuturlar.

Xalq arasında olan adət-ənənəyə görə, gəlinin cehizi gəlinin ehtiyaclarının siyahısına yazılır və təmin olunmaq üçün kişinin ailəsinə verirlər. Yəni, bəy bütün məişət ehtiyaclarını təmin etməlidir.

Bəzi ailələrdə bu da var ki, bəy siyahı kağızının altına imza atmalı, siyahıdakı bütün istəkləri yerinə yetirəcəyini vəd etməlidir . Buşehrdə etnik qrupların hamısı tərəfindən qəbul edilən adətlər bütün nikahlarda tətbiq edilməlidir.

Toydan on gün əvvəl bəyin seçdiyi şəxs toy dəvətnaməsini ailə və dostlar arasında paylamağa başlayır. Bu şəxs xalq arasında oxçu adlanır. Qədim adətlərə görə, dəvətnamə verilən qonaqlar onu verənə  pul verməlidirlər ki, buna oxçu pulu deyilir. Oxçuya verilən pul “xoş xəbər payı” olaraq verilir.

Toydan bir gün əvvəl tayfa gəncləri tərəfindən bəyi qədim hamama  aparılması adəti də var.  Bəyin təraşının hansı formada olacağını salmani adlandırılan bərbərlər müəyyən edir. Qaşqayların bütün toylarında qayda eynidir. Gəlinin də bütün geyim və toy bəzəklərini ailədən ailəyə bu işin sirlərini ötürən salmanilər öz öhdəsinə götürür. 

Başqa bir ənənəyə görə, bəyin evinə gedən gəlinin qardaşı onun belinə bir tikə çörək bağlayır. Bu, gəlinə bir mesajdır.  Bu adətlə bəyin ailəsi, ana südü və ata evində yediyi çörək gəlinə halal edilir.

Gəlin ata evindən çıxarkən “Quran”ın altından keçirilir, daha sonra  yemək bişirdiyi ata evinin ocağının ətrafında üç dəfə fırlanır, üç dəfə ocağı öpür və evdən çıxır. Gəlinin aparılması yerli musiqiçilər tərəfindən ifa edilən ənənəvi musuqi sədaları altında baş verir.

Qaşqay türklərinin ənənəvi rəqsləri təbiət hadisələrini, dünyanın fırlanmasını və onun çətinliklərini əks etdirir.  

Toy mərasimlərində qadınlar əllərində rəngarəng dəsmallarla rəqs edirlər.

Qadınların əlvan paltarları, dəsmalları, ritmik hərəkətləri Tanrının bəxş etdiyi təbiətin şən və gözəl rənglərindən götürülüb.

Toylarda qoyulan çöğa və qoşa papaqlar köçəri kişilərin geyimidir. Köçəri qadınlar isə toy şənliklərində çöğa yerinə Xorasan türkləri kimi baş geyimləri taxır və xüsusi milli geyimlər geyinirlər.

Qədim adətlərə görə, gəlin bəyin evinə daxil olanda bəyin atası qoyun kəsər və onun başını bir, bədəni isə digər tərəfə qoyar. Gəlin və bəy aradan keçirilir. Qaşqay türklərinin qədim inanclarına görə, bu mərasim yeni evlənənləri mənfiliklərdən qoruyur.

Qaşqay türklərinin toylarında qonaqlara nahar yeməyinə dəvət olunur.  Toy yeməklərində adətən qiyməli plov verilir.

Müəllif: Araşdırmaçı-yazar Mehdi Dehkan