Çində COVID-19 virusuna sutkalıq yoluxma sayı yenidən 10 mini ötüb.

Elxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi ötən sutka Çinin materik hissəsində 10 min 535, o cümlədən 9 min 385 simptomsuz yoluxma halı aşkarlandığını açıqlayıb. Bu rəqəm aprel ayından bəri ən yüksək sutkalıq göstəricidir. Əsas yoluxma ocaqları Çinin xarici ticarət qapısı hesab olunan Quancou şəhəri, habelə Cencou və Çonçin şəhərləri, Daxili Monqolustan muxtar bölgəsidir.

Ümumiyyətlə, oktyabrın son günlərindən etibarən sutkalıq yoluxma sayı sürətlə artır. Artıq bəzi şəhərlərdə tam və ya mikrorayonlar üzrə qapanma rejimi tətbiq olunur. Yoluxmaların çoxalması səbəbindən 19 milyon əhalisi olan Quancounun 8 rayonundakı məktəblərdə dərslər distant formada keçirilir. Şəhərdəki riskli yaşayış məhəllələrinin sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub. Bu cür zonalarda yaşayanların sayının təxminən 5 milyon olduğu bildirilir. Bundan başqa, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçin (35 milyon nəfər) şəhərinin 11 rayonunun sakinlərinə də ciddi səbəb olmadığı halda evlərini tərk etməmək tövsiyə olunub, şəhərə giriş məhdudlaşdırılıb.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrliyi ilə partiyanın siyasi bürosunun daimi komitəsinin iclasında ölkənin pandemiya ilə mübarizəsinin optimallaşdırılması məsələsi müzakirə olunub. İclasda ölkədəki hazırkı epidemik vəziyyət, virusun yeni mutasiyalarının ortaya çıxması və payız-qış dövründə virusa yoluxmaların çoxalma ehtimalı nəzərə alınaraq, “Sıfır COVID” strategiyasının davam etdirilməsi qərara alınıb. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı əhatə edir. Virusla mübarizə tədbirlərini maksimum dərəcədə yumşaldaraq, “Virusla birgə yaşayış” prinsipini tətbiq edən bir çox ölkədən fərqli olaraq, Çin iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq “Sıfır COVID” strategiyasında israrlıdır. Rəsmi qurumlar bunu hökumətin insanların sağlamlığını əsas götürməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan nadir ölkələrdəndir.