"Azərbaycanda pensiya təminatı sərtləşməyə başlayıb". 

Elxeber.com xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib. 

Onun sözlərinə görə, qanuna təklif edilən dəyişikliklər pensiya təminatının sərtləşməsinə yönəlib: "Əlbəttə, məsələlərə dərindən yanaşdıqda, pensiyalarla bağlı təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırmaq düzgün deyil. Hökumətin də bu məsələlərdə iştirakını vacib hesab edirəm. Azərbaycanda demoqrafik vəziyyət göstərildiyindən tamamilə dəyişib. Ailələrin əksəriyyəti indi 1 və 2 uşaqlıdır. Beş uşaqlı ailələrin sayı çox azdır. Ona görə təklif edirəm ki, çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilsin".

Deputat qeyd edib ki, Azərbaycanda pensiya yaşı uzun müddətdir dəyişməyib.

"Hesab edirəm ki, Azərbaycanda orta ömür uzunluğunu nəzərə alaraq pensiya yaşına yenidən baxmaq lazımdır. Ölkəmizdə kişilərin pensiya yaşının 63, qadınların isə 60 olmasını məqbul hesab edirəm", - deyə Ə.Məsimli vurğulayıb.