Bu ilin doqquz ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8694 cinayət faktı aşkarlanıb. Onlardan 2941-i narkotik vasitələrin qanunsuz satışı, 5286-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 387-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 80-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından açıqlanan məlumata görə, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 827 kiloqram 532,775 qram və 32918 həb, 524 ədəd narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 963 kiloqram 632,152 qramını heroin, 1 ton 706 kiloqram 517,599 qramını marixuana, 268 kiloqram 584,935 qramını tiryək, 27 kiloqram 785,044 qramını həşiş, 260,95 qramını kokain, 130 kiloqram 847,843 qramını və 32918 həb digər narkotik vasitələr və 729 kiloqram 904,252 qram və 524 ədəd psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 485,4 qram güclü təsir edən maddə, 10 kiloqram 037,6 qram zəhərli maddə, 79853 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6249 nəfər cəlb edilib ki, onlardan da 6079-u kişi, 170-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 74 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 74 xarici ölkə vətəndaşından 36-sı İran İslam Respublikası, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kiloqram 686,303 qram və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

2022-ci ilin 9 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 210 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 298 kiloqram 696,168 qram və 33550 ədəd həb, 2048 ədəd kapsul, 1470 qram MDA və 110 ml müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 292-si qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 518 kiloqram 303,994 qram və 9548 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.

2447 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 504 kiloqram 515,1 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 530,883 hektar sahədən çəkisi 165 ton 756 kiloqram 608,85 qram olan narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən götürülmüş 4 ton 827 kiloqram 532,775 qram narkotik vasitənin və psixotrop maddənin ümumilikdə dəyəri 168 milyon 635 min manat (99 milyon ABŞ dolları) kimi qiymətləndirilir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə bu il mayın 5-6-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının və 28 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1957, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 501, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1484, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıq faktlarının sayı 44 fakt, xarici ölkə vətəndaşlarının sayı 29 nəfər, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1830 nəfər artıb, həmçinin bu kateqoriyadan olan digər cinayətlərin sayı 3 fakt azalıb.

Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 354 kiloqram 695,225 qram, qrup halında törədilmiş cinayətlərin sayı isə 10 fakt azalıb.

Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 66531 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2456 nəfərdən 1773-ü isə istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Müvafiq dövrdə 4710 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 990 xəstə müalicə alır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2021-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır ki, onlardan da 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Hesabat dövründə 602 nəfər insan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Ümumilikdə 1987-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9985 nəfər qeydiyyata götürülüb (9659-u Azərbaycan vətəndaşı, 326-sı əcnəbi). İİV-ə yoluxanların 7114-ü kişi, 2871-i qadındır. Onlardan 3542-si İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2489 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Hesabat dövrü ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 166 tədbir (şəhər/rayon komissiyaları ilə 35 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 78 maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 35 təlim, 7 kütləvi-mədəni tədbir, 3 idman növü üzrə turnir və 4 fləşmob) təşkil edilib.

Bu ilin yanvar-sentyabr aylarında 802 - qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olub. Onların 187-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 629-u narkotik asılılıqdan müalicə, 726-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 816 məktub ünvanlanıb.