Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Covid-19 epidemiyasının dünyada narahatlıq və depressiya problemlərini 25 faiz artırdığını açıqlayıb.

Qurumun dərc etdiyi hesabatda epidemiyanın psixoloji xəstəliklərə təsiri araşdırılıb.

Araşdırmaya görə, Covid-19 ən çox gənclərin psixi sağlamlığına mənfi təsir göstərib. Gənc yaş qrupunda intihar və özünə zərər vermə meylləri əhəmiyyətli dərəcədə artıb.

Epidemiyanın təsiriylə qadınların ruhi sağlamlığı kişilərə nisbətən daha çox pisləşib. Astma, xərçəng və ürək xəstəliyi kimi rahatsızlıqları olanların Covid-19 ilə əlaqəli psixoloji xəstəlik riski daha yüksək görülüb.

Beləliklə, epidemiya başlayandan bəri dünya üzrə stress və depressiya qaynaqlı xəstəliklər 25 faiz artıb.

Epidemiyaya qarşı mübarizə aparan səhiyyə işçilərində intihar meylləri daha çox görülüb.

Hesabatda rəyi yer alan ÜST-ün baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus, Covid-19-un dünya əhalisinin psixi sağlamlığına vurduğu zərərin "aysberqin yalnız görünən hissəsi" olduğunu deyib.

O bildirib ki, bu hesabat  bütün ölkələrin psixi sağlamlığa daha çox diqqət yetirmələri və cəmiyyətlərinin psixi sağlamlığına dəstək vermələri üçün bir xəbərdarlıq çağırışıdır.