Milli Elmlər Elmlər Akademiyasının ölkədə elmin inkişafına nə kimi faydası var? Onsuz da alimlərimiz heç nə kəşf edə bilmir. 

Akademiyanın alimləri yaşlıdır və sair. Müzakirələr səngimir. AMEA-nın ləğvi problemi həll edəcəkmi?  

Mövzunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər  Əliyevlə davam etdirdik. 

 - Ənvər müəllim, hazırda siz də məzuniyyətdəsiniz, yoxsa gündəlik işə gedib-gəlirsiniz?

- Məzuniyyətdəyəm. Əvvəlcə onu deyim ki, AMEA-nın bəzi institutlarında iş rejimini qrafikə salmaq düzgün deyil. Çünki əməkdaşlar kitabxanalarda, arxivlərdə olmalıdırlar. Bəzən gəlib işdə oturmaq  (xüsusən də əsas binada) fəaliyyətsizliklə nəticələnir. Çünki iş yerində sadaladığım vasitələr  yoxdur. İşimizin saat 09:00-da başlamasına baxmayaraq, mən ən geci 07:30, 07:00-da işdə oluram. Ötən il məzuniyyət vaxtım idi. Bir gününü evdə oturmadım. Dağlıq Qarabağla bağlı monoqrafiya yazılmalı idi. Yazıb təhvil verdik. Elə olur ki, gecələr də işləyirik. Yolda gedə-gedə də işimizi görürük. Fəaliyyət sahəmiz elədir ki, qrfaikə salmaq alınmır. Texiniki işçilər, laboratoriyada fəaliyyəti olan əməkdaşlar daim iş yerində ola bilərlər, digərlərində qrafikə uymaq çətin olur.    

Hər halda AzTV-nin AMEA-dan hazırladığı  süjet, müxbirin fikirləri ümumi mənzərəni canladırmaq üçün düzgün olmaz.

AMEA-ya qarşı müsbət olmayan münasibət var. Bunu Azərbaycan elminə qarşı olan bir məsələ kimi qəbul edirəm. Azərbaycanda elm və təhsil sahələrində böhranın olduğu onsuz da məlumdur.  

- Uzun illərdir Akademiyanın Coğrafiya İnstitutunda çalışırsınız. AMEA-da çalışan alimlərin fəaliyyəti müzakirə olunmalıdır, yoxsa qurumun idarəçiliyi?

-Doğru yanaşmadır.  Kimlərin fəaliyyəti yoxlanılmalıdır?  Elə institut rəhbəri var idi ki, istədiyini edirdi. Akademiyaya dövlətdən maliyyələşən qurum kimi deyil, şəxsi mülkiyyəti kimi yanaşırdı. Dəfələrlə bu problemlərlə bağlı iştirakımla mübahisələr olub. Kimisə öyrədib danos da yazdırırdılar. Bəli, institutlarda belə biabırçı hallar olub.

AMEA-ya  işçilərin qəbulu məsələsinə toxunmaq istəyərdim. Digər qurumlarda  işə götürülmə prosesində  Dövlət İmtahan Mərkəzi iştirak edir. İmtahandan sonra müsahibə olur və fəaliyyət başlayır. AMEA-da isə belə deyil. İşçi gətirilir və deyirlər ki, iki ay ərzində fəaliyyətini yoxlayın. İki aya hansı qənaətə gəlmək olar?  Akademiyanın ən böyük problemlərindən biri rüşvətlə bağlıdır. Bizim institutda da olub belə hallar. Amma Budaq Budaqovun, Həsən müəllimin vaxtlarında belə deyildi.  Yeganə adam olmuşam ki, işçimi özüm götürmüşəm. Pulunu verib gələn işçiyə nə deyə bilərsən? Bunların hamısı son nəticədə indiki vəziyyəti yaradıb.  Əvvəlcə doktoranturaya  yalnız ixtisasdan olanlar götürülürdü. Prosesdə iştirak edirdik. Amma indi baxırsan ki, kimsə əlaltdan doktoranturaya qəbulu aparıb. Maraqlar işləri korlayır. Pula görə təsəvvürləri olmayan ixtisasdan dərs deyənlər var. Ali Attestasiya Komissiyasının əvvəlki tərkibində çox problemlər var idi. Razılıq vermədiyin iş başının üstündən həll edilir və diplom alınırdı. Müdafiə olunan materilallar  analiz olunmadığına görə, köçürmə halları olurdu , ağıllarına gələni yazırdılar. Şəxsən mənim hesabatımı köçürüb müdafiə edənlər olub ki, bundan xəbərim olmayıb. Bu cür problemlər akademiyanın içəridən dağılmasına şərait yaradır. Kənardan görünən nəticəni içəridə biz yaradırıq.   

Kadr məsələsi elə bir prosesdir ki, həlqənin ilk zənciri orta məktəbdən başlamalıdır. Orta məktəb-ali məktəb və AMEA birliyi olmalıdır.Əvvələr  orta məktəb və universiteti yüksək səviyyədə bitirənlər akademiyaya göndərilirdi. Akademiya da alimləri yetişdirib universitetlərə göndərirdi. Bu cür qapalı sistemdə səhvlər az olurdu. İndi bu yoxdur. 

İdarəçilik möhkəmlənərsə, kadrların işə götürülməsi problemi həll olunarsa, attestasiya problemləri həllini taparsa problemləri aradan qaldırmaq olar. Yazılmamış qaydaların yazılanlardan üstün tutulması faciəli nəticələr doğurur. Bəzən vurma cədvəlini doğru-dürsüt bilməyənlərin dissertasiyası əlimə gəlirdi. 

Ona görə də birinci növbədə idarəçilikdən başlamaq lazımdır. Elmə gələn hansı yolla gəlirsə, o yolla da idarə edir. AMEA institutlarının çox ciddi, dövlət mükafatlarına layiq görülən gözəl alimləri, rəhbərləri olub. Bizim dövrümüzdə elə olub ki, gecə saat 00:00-a qədər işdə qalmışıq. İnstituta daxil olmağımız, alimlik müdafiəmiz də çətinliklə olub. Müdafiəmiz  Moskvada olurdu. İndi özümüzü aldatmaqla məşğul oluruq. Pul verib keçirik yuxarı başa. AAK-nin keçmiş tərkibinin fəaliyyəti ilə bağlı oxuyanda  xəcalət çəkirəm. Nə cür insanlara elmlər doktoru adı verilib. Beləsi də gəlib oturacaq başımızda və ağalıq edəcək. Bizim institutda təsdiq etmədiyim aspirantlar olub ki, sonradan gedib başqa institutda diplom alıblar. Onları imtahan etsən, heç ixtisasdan keçə bilməyəcəklər.

Əvvəlki rəhbərliyə iradlarımı bildirən məktub yazmışdım. Əksəriyyəti nəzərə alınmışdı. İndi də vəziyyət elə yaxşı deyil. Elm elə bir sahədir ki, bir tərəfi yıxılanda davamı gəlir. Akademiyada, elmdə yalnız savad və dürüstlük meyarı əsas götürülməlidir.  Akademiyanın xammalını verən təşkilat da dürüst olmalıdır. Onu da qeyd edim ki, akademiyaya qəbulda, bəzi ixtisasları çıxmaq şərti ilə Dövlət İmtahan Mərkəzinin qüvvəsindən istifadə etmək lazımdır.  

İnstitutda 3 cildlik Azərbaycan Coğrafiyası monoqrafiyası yazılıb. Dövlət mükafatına təqdim olunanda sadəcə 3-4 nəfərin adı keçdi. Bizim heç adımız da çəkilməyib. Əvvəlki alimlərin tədqiqatları  kitaba yerləşdirilib və nəticədə mükafatını başqaları alıb. Məni Elmi Şuralara buraxmırlar, iştirak etdiyim yerlərdə isə mikrafonumu söndürürlər ki, danışmayım. Belə bir vəziyyətdə akademiyanı saxlamaqdansa  saxlamamaq yaxşıdır. Bu hal elmimizin gələcəyini məhv etməkdir. Məsələn, biz dünya səviyyəsində fizik hazırlaya bilmərik. Buna şərait yoxdur. Fizika, Kimya institutlarında indiki halda laboratoriya şəraitini müasir səviyyəyə çatdırmaq mümkün deyil. Məsələn, bu institutlarda 200 nəfərlik yaxşı laboratoriyalar hazırlaya və o kadrları dünyanın ən qabaqcıl institutlarına göndərib ciddi şəkildə yetişdirə bilərik

-AMEA-nın taleyinin sosial mediada, mətbuatda müzakirəyə çıxarılmasına, alimlərimizin fəaliyyətsizliyi ilə bağlı səsləndirilən fikirlərə münasibətiniz necədir?

-Alimlərin fəaliyyətsizlikdə ittuham olunmasına əsas yoxdur. Verilənlə əldə olunan balans yaradır. Elmdən xəbəri olmayanların bu mövzuda danışması ilə razı deyiləm. 

Sosial media, TV,  radio və  müxtəlif saytlar akademiaynın taleyini həll etmək qabiliyyətində deyil. Məsələ qaldırırlar ki, akademiya nəyi kəşf edib? Fizika, kimya kimi sahələrdə xaricdə kadrların təkmilləşdirilməsindən danışdım. 

Amma tarix, ədəbiyyat, etnoqrafiya, coğrafiya, təbii mühitimizlə bağlı tədqiqatlar aparan kadrları özümüz yetişdirməli, özümüz öyrətməliyik. Kənar adam mənim torpağımı, keçmişimi, tariximi nə bilir? Qonşularımız da onu istəyir ki, bizdə bu sahədə zəif fon yaransın və dərhal torpağımızı, tariximizi, bitkilərimiz sənədləşdirib mənimsəsinlər. Ona görə də bu sahədə tədqiqatlar  akademiyada yalnız yerli kadrların hesabına aparılmalıdır.  Sayları az da olsa, keyfiyyətli kadrlar yetişdirilməlidir. Onlar ancaq işi ilə məşğul olmalıdır. Bizim indi ayrı-ayrı qurumlarda çalışan kiçik elmi işçilərimiz var. Onlar işdən sonra yorğun olur və əlavə necə işləyə bilərlər?  

O ki qaldı kəşf məsələsinə, institutların hesabatlarına baxsınlar. Ömründə bir dəfə elmi məqalə oxumayan adamın bu barədə danışması düzgün deyil. Alimlər heç bir iş görmürlər, deyən insanlara sual verən jurnalist soruşmalıdır ki, Azərbaycanın tarixi, coğrafiyası ilə bağlı sonuncu dəfə nə oxuyublar? Akademiyada işlər gedir, amma biz daha yüksək səviyyədə olmasını istəyirik. Müstəqil, təminatı olan ölkəyik. Ən vacibi də problemli ölkəyik. Savadsız ölkə olmağımız məhvimiz deməkdir. Elə millətlər var ki, tarix boyu dövlətləri olmayıb. Yaxın tarixdə qurduqları dövlətlə çox şeyə nail olublar. Bunlar hamısı elmin hesabına olur. Dünyanın bütün sferadakı nailiyyəti bircə şeydən asılıdır. Elmdən, ciddi vətəndaşlıq mövqeyi olan elmi kadrdan asılıdır. Bunu heç bir təbii sərvətlə əvəz etmək olmaz.  

-Demisiniz ki, Akademiyanı  “cavanlaşdırmaq” elmə vida nöqtəsini qoymaqdır. Bu fikrinizin mahiyyətini necə izah edə bilərsiniz?

-Alimlərin cavanlaşdırılması prosesi müəyyən mənada elmə son nöqtəni qoymaq deməkdir. İndi institutu ən aşağı qiymətlə bitirən də gəlib akademiyada işə düzələ bilir.

Əvvələr orta məktəblərdə elmlərin əsası öyrədilirdi. Dediyim kimi, orta məktəb nə qədər güclü, mükəmməl olsa uşaq oradan doğru istiqamət götürəcək. Davamında institut təhsili yüksək səviyyədə olmalıdır. Akademiyaya elm sahəsində yetgin insanlar gəlməlidir. AAK-nin sənəd verdiyi elə adamlar var ki, onları imtahan etsələr çıxıb getməli olacaqlar. Belələrinə akademiyanın taleyini necə tapşırmaq olar? Şəxsən mənim günahım nədir ki, institutda fəaliyyətmi davam etdirməyimə imkan vermirlər? İnstitutun Ekologiya sahəsi üzrə yeganə mütəxəssisiyəm, amma kənardan təsadüfi adamları gətirib onun fəaliyyətinə əl qaldırmağımı istəyirlər.  Akademiyanın taleyini bu cür gənclərə tapşırmaq elmə son verməkdir. Bizim tarix, etnoqrafiya sahəsində 60-70 yaşında yetişmiş elə gözəl alimlərimiz var ki, onları çıxarıb yerinə cavan birini qoysan, o nə edəcəyini bilməyəcək. 

-AMEA-nın işlərindən çox, özlərini nümayiş etdirən (sizin fikrinizə görə) kadrlarının yaranmasında  əmək haqqının azlığının rolu varmı?

-Elə adam da var ki, 30 ildir işləyir, amma bir dənə elmi fikri ifadə edə bilmir. Sosial şəbəkədə süfrə arxasında, vağzalda  şəkil qoyur. Elmi fikirlərim olmadıqdan sonra mənim sosial şəbəkədə nə işim ola bilər? İxtisasımızdan, bildiyimizdən paylaşmalıyıq. Sosial mediadan elmi təfəkkürün inkişafı məqsədilə istifadə etmək lazımdır.  

AMEA-da maaş problemi var. İnsanlar 300 manatla dolana bilmədiyi üçün ən azı iki yerdə işləməli olur ki, bununla da peşəkar kadr yetişdirmək olmur. Yaxşı nəticə üçün bütün günü elmlə məşğul olmalısan. Maaş heç nəyə çatmır. Tutaq ki, 11 min əməkdaş var. Elə adam var ki, heç nəyə baxmadan gecəli-gündüzlü işləyir. Eləsi də var ki, ümumiyyətlə heç bir iş görmür. Gəlib yeyir-içir və çıxır gedir. Belə işçilərin olmamağı daha yaxşıdır. İşləyənlə işləməyənin eyni maaşı alması doğru deyil. Madiyyatı daxili imkanlar hesabına o şəkildə artırmaq olar ki, pensiya yaşına çatanların maaşı ilə pensiyasını cəmləyib  80 faizini həmin adama verəsən, məmuniyyətlə gedəcək. Hələ kişiləri demirəm, əgər qadın 65 yaşından sonra işləyirsə yollarda çox əziyyət çəkir. Pensiyası normal verilsə, gedib evində oturar. Oradan artan 20 faiz xeyli məbləğ olacaq ki, AMEA onunla daha az və daha yaxşı kadrlara sahib olacaq. Amma bir məsələ də var ki, ixtisar məsələsi gələndə özləri attestasiya edəcək. Qanun tələb edənləri, çox danışanları çıxaracaqlar. Azərbaycanda  qanundan, düzgünlükdən danışmaq ən böyük “tərbiyəsizlik” hesab olunur.  

- AMEA-nın ləğvi  elmi tədqiqatlar sahəsində pərakəndəliyə səbəb ola bilərmi. Sonda çıxış yolu kimi nələri  bir daha vurğulamaq istəyirsiniz?

-Akademiyanın ləğvi məsələsində tələskənliyə yol vermək olmaz. İslahatları aparsaq, AMEA-nın daxili imkanlarını nəzərə alsaq, yaxşı kadrların qədrini bilsək və normal idarəçilik sistemi yarada bilsək nəticə də olar. Təsadüfi adamları direktor qoyanda, o da təsadüfi adamlarla işləyəcək. İslahatlar aparılarsa, ilk növbədə AMEA-nı ən azı əvvəlki səviyyədə normal fəaliyyətinə qaytarmaq olacaq. AMEA-nı birdən-birə ləğv eləmək Azərbaycan elmini ləğv etmək deməkdir. Bu, yolverilməzdir. Görkəmli alimlərimiz çoxdur. Onların potensialından istifadə etmək mexanizmini tapmaq lazımdır. Elmi təşkil edə, qurub-yarada bilməməyimiz elmin yox,  bizim səbatsızlıq faciəmizdir. Elmin faydasını müzakirə obyektinə çevirmək gülüncdür, absurddur.  Elmin vacibliyini vaxtilə peyğəmbərimiz də buyurub. Bu gün də elm öz aktuallığını saxlayır. Sabah da belə olacaq. Elmin səmərəsi müzakirə olunmayan bir şeydir. Elmin səmərəsini görmək üçün prosesin təşkili vacib məsələdir. 

Hazırladı: Aygün İbrahimova