Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan Ermənistanla danışıqların qarşılıqlı şəkildə davam etdiyini deyib: "Bu gün biz Paşinyanla görüşümüzü səmimi ab-havada keçirdik. Bəzi tələblər oldu. Xarici işlər nazirlərimiz, xüsusi nümayəndələrimiz görüşəcək və nəticəyə uyğun olaraq addımlarımızı atacağıq. Biz Türkiyə-Ermənistan-Azərbaycan arasındakı buzları əritmək, problemi tez bir zamanda çözmək istəyirik".

Prezident ölkəsinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün heç bir ilkin şərti olmadığını deyib: "Biz Ermənistana sadəcə dedik ki, Azərbaycanla dərhal sülh müqaviləsini bağlayın. Bunları etdikdən sonra bizim tərəfdən zərrə qədər problem qalmaz, qapıları açırıq".

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında liderlər səviyyəsində görüş 2009-cu ildə olub.