30 avqust Beynəlxalq İtkinlər Günüdür.

Beynəlxalq İtkinlər Günü dünyada silahlı münaqişələr zamanı itkin düşən, müharibə meydanlarında həlak olan və meyitləri qaytarılmayan, şahidsiz əsir-girov götürülərən, müxtəlif məqsədlər üçün oğurlanaraq qaçırılaran, tutulub gizli yerlərdə saxlanılan, gizli edam edilən, təbii fəlakətlər və digər müxtəlif səbəblərdən itkin düşmüş minlərlə, bəlkə də milyonlarla insanın xatirəsinə həsr olunur.  İtkinlər Günü dünyanın hər bir yerində itkin düşmüş insanların acı və faciəli taleyinə ehtiram əlaməti olaraq, onların yaxınlarına mənəvi dəstək olmaq, əzizləri haqda xoş xəbər vermək, eyni zamanda təsəlli olmaq məqsədi ilə  qeyd edilir.

Bunları Elxeber.com-a danışan “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib.

O bildirib ki, dünyanın bir çox nüfuzlu təşkilatları hər il itkin düşmüş şəxslərlə bağlı hesabatlar hazırlayır, lakin heç bir hesabatda itkin düşmüş insanların sayı dəqiq deyil, çünki ən nüfuzlu təşkilat belə bu hesabatları hazırlamaqda acizdir: "Beynəlxalq humanitar hüquq normalarına görə, müharidə gedən ərazilərdə həlak olanların, əsir-girov götürülənlərin qeydiyyatı aparılmalıdır. Hazırda bütün dünyada silahlı münaqişələr və  müharibələr zamanı itkin düşmüş şəxslərin axtarışı ilə yeganə  humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur. Lakin bu təşkilat da dünyada itkin düşmüş insanların dəqiq sayını apara bilmir.

Dünyanın bir çox münaqişə bölgələrində - XX əsrin 70-ci illərində Kiprdə, 90-cı illərində Yuqoslaviyada etnik münaqişə zəminində baş vermiş silahlı əməliyyatlarla bağlı taleyi bu günə kimi bəlli olmayan, naməlum olaraq qalan, itkin düşmüş şəxslər var. Yaxın və Orta Şərqdə - Fələstində, İraqda müharibələr başa çatsa da həmin ərazilərdə on minlərlə insan itkin düşüb. Suriyada da baş verən terror əməliyyatları zamanı minlərlə insan itkin düşüb. Nə qədər ağır olsa da unutmamalıyıq ki, hər bir rəqəmin arxasında həmin şəxsin ölüsünü və ya dirisini gözləyən, ailə üzvləri, qohum və tanışları, əzizləri, illərdən bəri psixoloji gərginlik içində yaşayan onlarla insan həyatı durur. İllərdən bəri həsrətlə əzizinin və ya əzizlərinin (elə ailə var ki, bir neçə üzvü itkin düşüb) yolunu gözləmək çox ağır bir iztirabdır. Bu, çox ağır insan taleyidir!..". 

Birlik sədri qeyd edib ki, silahlı münaqişələr və müharibələr zamanı itkin düşmüş şəxslərin hüquqları qəbul olunmuş beynəlxalq humanitar hüquqla tənzimlənir: 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına 8 iyun 1977-ci il tarixli Əlavə I Protokolun III bölməsinin 32 və 33-cü maddələri silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin hüquqlarının qorunmasına aiddir. İlk dəfə 11 iyun 2019-cu il tarixində BMT-nin Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərə həsr olunmuş iclası keçirilib. Həmin iclasda  silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və axtarışı ilə bağlı 2385/5000 saylı Qətnamə qəbul edilib. Həmin iclasda BMT Təhlükəsizlik Şurasnın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin nümayəndəsi Rina Gelani çıxış edərək vurğulayıb ki, itkin düşmüş şəxslərin ailə üzvləri yaxınlarının taleyindən xəbər ala bilmədikləri üçün ümidsizliyə qapılır, gərginlik içində yaşayırlar. Onların hər zaman mənənvi dəstəyə ehtiyacları var. 

"Terrorçu Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız itkin düşüb. Dünyada əsir-girov-itkin problemini tənzimləyən yeganə beynəlxalq təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Birinci Qarabağ müharibəsi zamanı qızğın döyüşlər gedən ərazilərdə iştirak etmədikləri üçün itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının dəqiq qeydiyyatı aparılmayıb", - deyə Esmira Orucova vurğulayıb. 

O, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın sayının 3890 nəfər olduğunu xatırladıb: "Onların 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki səxslərdir. Mülki şəxslərin 267 nəfəri qadın, 326 qoca, 71 uşaqdır. Lakin bu heç də son statistika deyil.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı isə 6 nəfər hərbçimiz itkin düşüb. Bu günə kimi onların da taleyi naməlum olaraq qalır.

Ümid edirik ki, tezliklə itkinlərimizin taleyinə aydınlıq gətiriləcək, əsir-girovlarımız əzizlərinə qovuşacaqlar. Əzizlərinin həsrətlə yolunu gözləyən insanların da gözləri yollardan çəkiləcək!".