“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Qazilərin, şəhid ailələrinin sosial problemlərinin araşdırılması və həllinə dəstək“ adlı layihəsinin icrasını davam etdirir.

Birliyin sədri Esmira Orucovanın Elxeber.com-a verdiyi məlumata görə, icra müddəti 4 ay olan layihənin məqsədi Ağdam, Ağcabədi və Tərtər rayonlarında yaşayan və ya məskunlaşmış qazilərin, həmçinin şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial problemlərinin araşdırılması, aradan qaldırılmasının həlli yollarını tapmaq, dövlətin uğurla həyata keçirdiyi sosial siyasətə dəstək olmaqdır.

E.Orucova bildirib ki, canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı qəhrəman qazilərə diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemləri tam aradan qaldırılmayıb: "Bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması üçün layihə çərçivəsində Ağdam rayonu ərazisində 40 nəfər qazi, şəhid və itkin düşmüş şəxslərin ailə üzvləri arasında sorğular keçirilib. 2022-ci ilin mart ayının 29-dan aprel ayının 1-ə kimi Ağdam rayonu ərazisində ümumilikdə 124 nəfərin iştirakı ilə qazilər, şəhid və itkin düşmüş şəxslərin ailə üzvləri, həmçinin 44 günlük Vətən müharibəsi zamanı erməni terrorundan ziyan çəkmiş mülki şəxslərlə 4 görüş keçirilib".

O qeyd edib ki, dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq məqsədi ilə keçirilən görüşlərdə adı çəkilən şəxslərlə yanaşı rayon ərazisində fəaliyyət göstərən tanınmış qeyri-hökumət təşkilatlarının sədrləri, dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

"Sorğular nəticəsində aşkara çıxarılmış və görüşlər zamanı səsləndirilən bəzi problemlərin həlli yollarının müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədi ilə maraqlı müzakirələr aparılıb, səmərəli təkliflər irəli sürülüb. Layihə sona çatdıqdan sonra ictimai birlik tərəfindən təklif və tövsiyyələr hazırlanıb, müvafiq qurumlara göndəriləcək",-deyə məlumatda vurğulanıb.