Son vaxtlar Azərbaycanda müayinə olunan şəxslərdə qrip virusu aşkarlanmayıb. Respirator əlamətləri olanlar həm qrip, həm də koronavirusa görə yoxlanılıblar. Lakin heç bir nümunədə qrip virusu aşkar edilməyib. Xəstələnən şəxslərin digər kəskin respirator virus infeksiyalarına yoluxduqları məlum olub.

Elxeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, insan, eyni zamanda, həm koronavirusa həm də qripə yoluxa bilər. Bu hal daha çox immuniteti zəif olan şəxslərdə qeydə alına bilər: “Eyni vaxtda iki fərqli virusa yoluxmaq çox ağır haldır. Çünki hər iki virusun hədəf orqanı ağciyərlərdir. Hər iki virusun eyni anda ağciyərləri vurması ağırlaşma ilə müşahidə oluna bilər”.

T.Eyvazov hazırda ölkədə COVID-19-la bağlı epidemioloji vəziyyətin qənaətbəxş olduğunu deyib: “Yeni yoluxma sayları ikirəqəmli ədədlərlə ifadə olunur. Xəstələrin sayı azdır, 300 civarındadır. Bu, çox yaxşı vəziyyətdir. Bəzi vətəndaşlar COVID-19-u yüngül keçirir və test üçün müraciət etmirlər. Statistika real göstəriciləri əks etdirməsə də, aktiv xəstələrin sayı çox deyil”.