Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ)  təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

İlk olaraq gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tədbirin davamı olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Konfidensial” filmi nümayiş olunub. Film nümayişindən sonra “Qurtuluşun formalaşdırdığı Azərbaycan Gəncliyi” mövzusunda müzakirə sessiyası baş tutub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri, ölkədə gənclər siyasətinin əsasının qoyulmasında rolu və töhfəsi, gənclərin milli ruhda yetişdirilmələri üçün atdığı addımlar, savadlı və fəal vətəndaşlar kimi formalaşmalarında həyata keçirdiyi fəaliyyətlər sessiyanın əsas müzakirə mövzusu olub.

ARGTMŞ-ə üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə davam edən görüşdə xüsusi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması, qüdrətlənməsi və davamlı uğurlara imza atması kimi vacib məqamlara da toxunulub.