Göyçay şəhərində “Aqroturizm və Sosial sahibkarlıq” (#GöyçayFest) festivalı keçirilib.

Elxeber.com xəbər verir ki, festival Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün Aqroturizmin təşviqi” layihəsi çərçivəsində reallaşıb.

Məqsəd regionda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.
Festival zamanı çıxş edən dövlət qurumlarının rəsmiləri və digər qonaqlar regionlarda bu qəbildən festivalların keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib, sosial sahibkarların cəmiyyətə tanıdılması və gənclər arasında təbliğ olunmasının vacibliyini vurğulayıblar.

Bildirilib ki, ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq aqroturizm vasitəsi ilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açılır və kənd təsərrüfatının inkişafına töhfələr verilir.

Festival çərçivəsində kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətlərində maraqlı subyektlərin satış- sərgiləri təşkil olunub, sosial sahibkarların məhsulları nümayiş etdirilib.

Qeyd edək ki, festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Göyçay Rayon İcra Hakimiyyəti, “Göyçay İnkişaf Mərkəzi”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Göyçay-Süd ASC, Education HUB, "Əminlər" şirkəti və AIESEC Azərbaycan Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə ərsəyə gəlib.