ABŞ Kosmos və Aviasiya Administrasiyasına (NASA) bağlı olan Günəş Dinamikası Rəsədxanası Günəşin səthində “təbəssüm”ə bənzəyən görüntü əldə edib.
Elxeber.com xəbər verir ki, bu barədə NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən edilən paylaşımda bildirilib.
Qeyd olunub ki, NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi "gülümsəyərkən" görüntüləyib. Açıqlamaya görə, Günəşdə ultrabənövşəyi işıqda görünən qaranlıq ləkələr tac dəlikləri olaraq bilinir və sürətli günəş küləyinin kosmosa gətirdiyi bölgələrdir.
NASA Günəşin "təbəssümünün" o qədər dostyana olmadığını da bildirib.
Belə ki, gülümsəyən fiquru təşkil edən qaranlıq nöqtələr günəş küləyinin Günəşdən qaçmasına imkan verən tac dəlikləridir. Proqnozların bu küləyin Yerdə günəş fırtınasına səbəb ola biləcəyini göstərməsinə baxmayaraq fırtınanın nisbətən kiçik olacağı gözlənilir.
Günəşdəki aktivliyin Yer kürəsində ciddi problemlər yarada biləcəyindən ehtiyat edən mütəxəssislər narahatdır. Belə ki, güclü Günəş fırtınaları enerji sistemlərini, kosmik gəmiləri, ona qoşulmuş naviqasiya sistemlərini və radio rabitəsini sıradan çıxara bilər.