Hər hansı mənfi əməlimizi Allahın bağışlaması üçün tövbə etməyimiz kifayətdirmi? İstəyimiz Allah tərəfindən hansı halda qəbul olunar? Ümumiyyətlə, dilimiz və əməlimizlə ziyan vurduğumuz kimdənsə halallıq almaq və bizdən istənildiyi halda, halallıq vermək nə qədər vacibdir?

Mövzu ilə bağlı TNS-in sualını Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov cavablandırıb.

Elxeber.com materialı təqdim edir.

Müsahibimiz bildirib ki, günahların iki forması var. Bunlardan biri Allah qarşısında, yəni Allahın, digəri bəndənin haqqı ilə bağlı etdiyimiz günahlardır: “Allahın haqqı ilə bağlı günahları bir tövbə ilə bağışlatmaq mümkündür. Əgər səmimi şəkildə tövbə ediriksə, Allah bizi bağışlayır. Amma bəndə haqqı ilə bağlı günahlarda bu, belə deyil. Bunun üçün kimin haqqına girmişik, kimi incitmişiksə, əvvəlcə ondan halallıq almalıyıq. Məsələn, kimdənsə oğurluq edir, təhqir, zülm edir və böhtan atırıqsa, bu, həmin insanın hüquqlarını tapdalamaqdır. Belə günahları yumaq istəyiriksə, hər şeydən əvvəl həmin şəxslərdən halallıq almalı və bundan sonra bizi bağışlaması üçün Allaha üz tutmalıyıq”.

Elvüsal Məmmədovun sözlərinə görə, halallıq almaq çox vacibdir. Belə ki, dünyada haqqına girdiyimiz insan varsa, biz bu günahla öləriksə, axirətdə hesabı ağır olacaq: “Halallığı ancaq bu dünyada ala bilərik. Axirətdə halallıq almaq mümkün deyil. Bu isə artıq zərərə uğramaq deməkdir”.

Bizdən halallıq istəyənə qarşı necə davranmalıyıq?

İlahiyyatçı vurğulayıb ki, mümkün qədər bizdən halallıq istəyən şəxslərə halallıq verməliyik. Amma halallıq istəyən şəxslər bəzi məqamları da nəzərə almalıdır: “Bəzən vuduğumuz zərbələr o qədər böyük olur ki, yaraların unudulması, halallığın verilməsi üçün müəyyən vaxtın keçməsi tələb olunur. Bir-iki dəfə cəhd edirik, qarşı tərəf halallıq vermirsə, müəyyən vaxt gözləməliyik. Özümüzü doğrultmalı, sübut etməliyik. Bundan sonra bir daha bağışlanma istəməliyik”.

Halallıq verməməyin hər hansı məsuliyyətinin olub-olmamasına gəlincə isə, Elvüsal Məmmədov Peyğəmbərimizin bununla bağlı tövsiyyəsini yada salıb: “Peyğəmbərimiz buyurub ki, halallıq istənildiyi halda, qardaşına halallıq verməyən şəxs Kövsər bulağının başında onu görməyəcək. Bunu nəzərə almaq lazımdır”.