Ölkə ərazisində hava şəraiti dəyişəcək.

Hidrometeoroloji Proqnozlar Bürosundan Elxeber.com-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 metr/saniyə, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

İyulun 16-sı əsasən səhər və axşam, iyulun 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, iyulun 17-də gündüz 22-27° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq iyulun 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.