Bu il Həcc ziyarətinə getmək istəyənlər üçün üçün aparılan sənəd qəbulu başa çatıb.

Bu barədə Elxeber.com-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

Şöbə müdiri bildirib ki, hazırda siyahıyaalma və qruplaşma prosesi gedir və yaxın günlərdə həmin şəxslərə vizalar veriləcək.

QMİ rəsmisi qeyd edib ki, builki Həcc ziyarəti üçün Azərbaycandan olan zəvvarlara ayrılan 680 nəfərlik kvota dolub.

O, qruplar barəsində də açıqlama verib: "Zəvvarlar 16 qrupda olacaq. Hər qrupda da 45-ə yaxın zəvvarın olması planlaşdırılır. Səfər üçün 4 təyyarə ayrılacaq ki, hər təyyarədə 4 qrup olacaq.

İlk zəvvar qrupu iyunun 29-da yola düşəcək. Növbəti səfərlər iyunun 30-u, iyulun 1-i və 2-də olacaq”.

Qeyd edək ki, bu il ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər. Bundan başqa, iki doza vaksin vurulduğunu təsdiqləyən sənəd tələb olunur.

Yaşı 65-dən çox olanların Həcc ziyarətinə getməsinə icazə verilmir.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Həcc ziyarətini Azərbaycanda QMİ təşkil edir.