Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin tərtib etdiyi yeni “Çərəkə” kitabı işıq üzü görüb.

QMİ-dən Elxəbər-ə verilən məlumata görə, qurumun sədri Şeyxülislam Allahşükür Paşazadənin məsləhəti və xeyir-duası ilə nəşr edilən kitabda hər dindara gündəlik lazım olan Yasin, Ər-Rəhman, İnsan, Mülk, Cümə surələri ilə yanaşı Qurani-Kərimin qısa surələri yer alır. “Çərəkə” kitabı həm Quran tapşırma və Yasin tapşırma qaydalarını, həm İftar, Ehsan, Şəfa, Nəzər, Fərəc dualarını, həm də Ramazan ayının hər gününə aid xüsusi duaları ehtiva edir. Kitabda həmçinin Cənazə namazı və Meyit təlqini yer alır, kişi, qadın, tək və cəm formalar rənglərlə göstərilir.
“Cib kitabı” formatında (10×15 sm) çap olunmuş bu kitabda yaşlı oxuyucuları nəzərə alaraq daha iri və aydın şrift istifadə edilib. Kitabın başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, burada Təcvid qaydaları müxtəlif rənglərlə göstərilib.

Kitabın cildləməsində “Çərəkə”nin bir qayda olaraq tez-tez istifadə olması nəzərə alınıb.
Qeyd edək ki, bədii tərtibatının gözəlliyi ilə diqqət çəkən yeni “Çərəkə” kitabını dini ədəbiyyat mağazalarında əldə etmək olar.