Elxeber.com Ayna.az-ın onkoloq-cərrah Arif Nuri ilə müsahibəsini təqdim edir.
O, 10 ildir ki, bu sahədə çalışır. Hazırda Rusiyada yaşayır. Arif həkim 2016-cı ildə bütün heyvan mənşəli qidalardan imtina edib. Yəni, özünün də dediyi kimi, 100%-li bitki mənşəli qidalarla qidalanır. Beləliklə:
- Nəyin 100% düz və ya səhv olduğunu demək, bu cür qidalanmağa keçməyin hamı üçün vacibliyini bəyan etmək fikrindən uzağam. Bilirəm ki, müsahibəni oxuyanların əksəriyyəti fikirlərimlə razılaşmayacaq, müxtəlif dəlillər, faktlar göstərəcəklər ki, belə deyil. Hər kəsin öz seçim imkanı və bu seçimin nəticələrini yaşamaq hüququ var. Ət və heyvan mənşəli qidalardan imtina dünyada elə də nadir rast gəlinən hal deyil. Avropa vegeterian təşkilatının məlumatına görə, bütün dünya üzrə 1 milyarda yaxın insan ətdən qida kimi istifadə etmir.
- Həkim, necə oldu ki, heyvan mənşəli qidalardan tam imtina etdiniz?
- Hər insanın ətdən və eləcə də digər heyvani məhsullardan imtinasının ayrı səbəbi var. Ən geniş yayılmış səbəblər arasında etik səbəb – heyvanlara olan mərhəmət, sağlamlaq, artıq çəkidən qurtulmaq, dini inanc və s. daha geniş yayılıb. Ümumiyyətlə, insanların bu və ya digər qida məhsulları ilə qidalanması, qidalanma vərdişləri ənənə ilə birbaşa bağlıdır. Dədə-babalarda olan qida vərdişləri nəsildən nəsilə ötürülür. Əgər nənə-babalar “ət yemək, süd içmək faydalıdır” deyiblərsə, hamı bir ağızdan bunu təkrarlayıb öz ənənəvi qidalanmasına haqq qazandırır. Amma heç kim düşünmür ki, nəyə əsaslanaraq bu cür qərar veririk.
Tibb sahəsini öyrəndiyim müddətdə, qeyri-infeksion xəstəliklərin səbəbləri məni həmişə düşündürürdü. Ateroskleroz və bunun nəticəsində yaranan yüksək qan təzyiqi, infarkt, insult, ürək çatışmazlığı, şəkərli diabet xəstəliyi, autoimmun xəstəliklər, bədxassəli şiş xəstəlikləri (xərçəng, leykoz və s.) kimi xroniki xəstəliklərin əksəriyyətinin etiologiyasının (səbəbinin) dəqiq öyrənilmədiyi göstərilirdi. Yuxarıda qeyd etdiyim xəstəliklər dünyada insanların ölümünə səbəb olan əsas xəstəliklərdir. Maraqlananlar bütün bu xəstəliklər üzrə statistikalara baxa bilər ki, hər saniyədə neçə insan bu xəstəlikdən ölür.
Bütün bunlar məni düşünməyə vadar edir ki, necə ola bilər, təbiət insanı bu qədər defektli yaratsın, insan bu xəstəliklərə tutulsun. Əslində bu xəstəliklərin əsas səbəbi insanların qidası, vərdişləridir. Xüsusən, onkoloji xəstəliklərin səbəblərini öyrəndikcə, hansı insanların (hansı vərdişli, hansı qidalanma ənənəsi olan) xərçəngin hansı formasına tutulmasını praktikada hər gün gördükdə bu qərara gəldim. Maraqlananda məlum oldu ki, qidalanma üzrə, qidalanma adət-ənənələri və onların yuxarıda qeyd etdiyim xəstəliklərin yaranmasını sübut edən minlərlə təcrübələr, elmi tədqiqatlar, 30 ildən çox davam edən araşdırmalar var. Kimə maraqlı olsa, Kolin Kembel (xüsusən “Çin tədqiqatları” kitabını), Con Makduqall, Maykl Qreqer, Brenda Davis, dr. Nil Barnard, dr. Esseltin və s. kimi doktorların, profosserlorın elmi tədqiqatlarını, kitablarını oxuya bilər.
- Konkretləşdirəsi olsaq, niyə ət yeməməliyik və ya ət yemirsiniz?
- Ümumiyyətlə, mənə bu sualı verəndə, həmişə cavab olaraq, “Niyə ət yeməliyik?” sualını vermək istəyirəm. Ona görə ət yeməliyik ki, dədə-babalarımız yeyib və ya ona görə ki, biz yırtıcı təbiətli heyvanıq? Maraqlanın, hansı yırtıcı, vəhşi heyvanın bioloji əlamətini özünüzdə tapa bilirsiniz? Dişləriniz elədir, yoxsa caynaqlarınız var? Yoxsa ac olanda, həyətdə gördüyünüz heyvana baxanda ağzınız sulanır? Heyvanda olan bütün bioloji əlamətlər onun yırtıcı olmadığını göstərir. Fəlsəfi yanaşaq, təbiətin qanunlarının əleyhinə getdikdə o da bizi ölümcül xəstəliklərlə “cəzalandırır”. Elmi, tibbi tərəfdən də məntiqlə düşündükdə insanın ət yeməyi absurddur.
- Qida mütəxəssisləri deyirlər ki, B12 vitamini bir sıra bitkilərdə olsa da, orqanizmimizə yetəcək səviyyədə ancaq qırmızı ətdən ala bilərik. Ona görə də ət məhsulları istehlak etməliyik. Eyni zamanda mioqlobin maddəsinin orqanizmdə azlığı infakt riskini artırır. Bununla nə dərəcədə razılaşmaq olar, razılaşırsınız?
- Vitamin B12 bitki mənşəli qidalanmanı tənqid edənlərin əsas arqumentlərindən biridir. Ümumiyyətlə, vitamin B12 təbiətdə xüsusi bakteriyalar tərəfindən sintez olunur. Bu bakteriyalar təbiətdə bitkilər, meyvələr, tərəvəzlər üzərində, təbii su mənfəzlərində olur. Oradan isə heyvanlar və insan orqanizminə düşür. Yəni ətini yediyiniz heyvan vitamin B12-ni özü sintez etmir, təbiətdə bakteriyalardan alır.
- Bəs niyə insan ala bilmir?
- Ona görə ki, sivil cəmiyyətdə insanlar təbii şəraitdə yaşamır, çaydan, gölməçələrdən su içmir, meyvələri, tərəvəzləri yuyulmamış yemir. İnsan təbiətdən uzaqlaşdığı üçün təbii yolla vitamin B12 alması minimuma enib. Bundan əlavə, insanın yoğun bağırsağında vitamin B12 sintez edən bakteriyalara rast gəlinir. Amma iş orasındadır ki, yoğun bağırsaqdan bu vitamin qana sorulmur. Bu, onu düşünməyə əsas verir ki, insan uzun illər ərzində vitamin B12-ni hazır şəkildə aldığına görə, bu vitamini sintez edən bakteriyalara lazımsız olması səbəbindən bağırsağın yuxarı şöbələrində rast gəlinmir.
- Qan azlığı, başgicəllənmə, immun sisteminin zəifləməsinin qarşısını ət yemiriksə, başqa hansı qidalarla əvəzləyə bilərik?
- İnsanın qara ciyərində də vitamin B12-nin ehtiyatı var, 3 ildən 5 ilə qədər xaricdən qəbul olunmadıqda orqanizmi təmin edə bilir. Tam bitki mənşəli qidalanma zamanı əgər mümkündürsə, bağ şəraitində, öz həyətinizdən olan meyvə-tərəvəzləri, göyərtiləri yuyulmamış yeyin, bulaq suyu için. Əgər mümkün deyilsə, vitamin B12-ni həftədə 2 dəfə həb və ya damçı şəkilində qida əlavəsi kimi qəbul edə bilərsiniz. Mioqlobin zülaldır. Orqanizm onu amin turşularından sintez edir. İstər əvəzolunan olsun, istər əvəzolunmaz, bütün amin turşuları, bitki mənşəli qidalarda kifayət qədər var. Əsas odur ki, müxtəlif çeşidli qidalardan istifadə edəsiniz.
- Ət yeməməyi sağlam qidalanmanın bir parçası hesab edə bilərikmi, yoxsa bu, sadəcə düşüncədən yaranan bir seçimdir?
- Təkcə ətdən imtina etmək sağlam qidalanma demək deyil. Düşüncədən irəli gələn ətdən imtina etik və dini səbəblərlə bağlı olan hallara aiddir. Bundan başqa, bitki mənşəli qidalar arasında da sağlımlıq üçün ziyanlı olan kifayət qədər məhsullar var. Mənim düşüncəmə görə, sağlam qidalanma təkcə ət, balıq, yumurta, süd və süd məhsullarından imtina deyil, amma bunlar vacibdir. Sağlam qidalanmanın əsasını minimum texniki, kimyəvi işləmdən keçmiş meyvələr, tərəvəzlər, çərəzlər, paxlalı bitkilərin nümayəndələri: noxud, maş, mərci, lobya və s. təşkil etməlidir.
- Uşaq və yeniyetmələri ətdən imtina etməyə təşviq edə bilərikmi, yoxsa müəyyən bir yaş həddi var ki, o yaşa qədər ət də daxil olmaqla bir çox şeylə qidalana bilərik?
- Uşaqların və yeniyetmələrin ətdan imtinasına gəlincə, onu deyə bilərəm ki, uşaq başqa bioloji növun nümayəndəsi deyil ki, ətdən və digər heyvan mənşəli qidalardan imtina onlarda hansısa bir problem yaratsın. Əsas məsələ uşaqların yeni tip qidalanmaya öyrəşməsidir. Çətinlik keçid dövründə ola bilər. Ən düzgün seçim ümumiyyətlə, uşaqları heyvan mənşəli qidalara öyrətməməkdir.
Mənim oğlum 13 yaşında, özü heç bir kənar təsir olmadan, ətdən, balıqdan imtina etdi. 6 aya yaxındır ki, ət və balıq yemir. Sağlamlıq naminə heyvan mənşəli qidalardan imtina etmək qərarı verənlərə tövsiyəm odur ki, öncə, bu mövzunun nəzəri tərəfini öyrənsinlər. Dünya üzrə çoxlu ekspertlər var - hansılar ki, öz bloqlarında, “Youtube” kanallarında müntəzəm məlumatlar paylaşırlar, onları izləsinlər, oxuyub öyrənsinlər. Kimə maraqlı olsa, mənə də məsləhət üçün müraciət edə bilərlər. Ətdən və digər heyvan mənşəli məhsullardan imtina etmək istəməyənlər isə mümkün qədər bu tipli məhsulların miqdarını rasionlarında azaltsınlar.
- Son olaraq oxucularımıza tövsiyələriniz nələrdir?
- Heç olmasa, konservlərdən, kolbasa və sosislərdən, qızardılmış ətlərdən imtina etsinlər. Rasionda gündəlik kifayət qədər meyvə və tərəvəzlərin olmasına diqqət etsinlər. Unutmayın ki, qidalanmanın insan orqanizminə təsiri əvəzedilməzdir. Əksər xəstəliklərin yaranmasının əsas səbəbi qeyri-təbii qidalanmadır. Hər bir insana doğulanda müəyyən bir limitli sağlamlıq resursu qismət olub. Çalışın, bu resursdan səmərəli istifadə edəsiniz. Öz sağlamlığınız böyük ölçüdə sizdən asılıdır. Sağlam və firəvan həyat arzusu ilə...