Mərhum Kraliça II Elizabetin oğlu III Çarlz sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın kralı elan edilib.
Yeni baş nazir Elizabet Trassın, maliyyə, xarici və daxili işlər nazirlərinin də daxil olduğu 700 nəfərlik Varislik Şurasının (Məxfi Şuranın genişləndirilmiş heyəti) iclası Londonda yerləşən Sen-Ceyms sarayında baş tutub. Mərasim iki hissədən ibarət olub. Əvvəlcə Məxfi Şuranın (monarxın məsləhətçi orqanı) üzvləri varisin iştirakı olmadan bir araya gələrək III Çarlzın taxta çıxdığını elan edib.
Mərasimin ikinci hissəsində yeni Kral şuraya qatılaraq onun iclasına rəhbərlik edib.
Üç əsrlik ənənəyə görə, monarx əvvəlcə Şotlandiya kilsəsini (1707-ci ildə bağlanmış İngiltərə-Şotlandiya ittifaqının şərtinə əsasən), sonra isə parlamentin iclasında İngiltərə kilsəsini müdafiə edəcəyi ilə bağlı and içir. Daha sonra monarxın qəbul edilməsi ilə əlaqədar Kraliçanın ölümündən sonra yarıya qədər endirilən bayraqlar qaldırılır, “Hyde Park” meydanında 41 yaylım atəşi açılır. Sonra kralın taxta çıxması şəhərdə elan edilir və 62 yaylım atəşindən ibarət artilleriya salamı verilir. Bir sutka sonra isə bu xəbər Şotlandiya, Uels və Şimali İrlandiyada da elan olunur.