Son zamanlar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edənlər arasında ən çox quru göz sindromu qeydə alınır. Bu, əsasən kompüter və planşetdən qeyri-düzgün istifadə nəticəsində yaranır. Bununla yanaşı, refraksiya patologiyası da artıb.

Elxeber.com xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat, metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

Y.Abdıyevanın sözlərinə görə, son zamanlar bu hal uşaqlar arasında daha çox müşahidə olunur.

Mərkəzdəki yeniliklərdən söhbət açan Y.Abdıyeva qeyd edib ki, hazırda mərkəzdə gözün həm ön, həm də arxa seqmentinə aid bütün əməliyyatlar həyata keçirilir.

O, Milli Oftalmologiya Mərkəzində keçirilən növbəti konfrans barədə də məlumat verib: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə növbəti beynəlxalq konfrans keçirilir. Konfransda tibbi yeniliklər və kliniki hallar həm yerli, həm də xarici ölkə alimləri ilə birgə müzakirə olunur. Tədbirdə, Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrdən alimlər iştirak edirlər. Müzakirələr gözün həm ön, həm də arxa seqmentinə aiddir. Əminəm ki, alimlər yenilikləri öz təcrübələrində tətbiq edəcəklər”.