Məişət zəminində  psixoloji zorakılıq halları fizki zorakılıqdan dəfələrlə çoxdur. Psixoloji zorakılığı hər zaman, hər yerdə və hər şəraitdə həyata keçirmək mümkündür və edilir.

Bu fikirləri Elxeber.com-a açıqlamasında psixoloq Taryel Faziloğlu deyib.

Onun sözlərinə  görə, zorakılığın bu formasını konkret olaraq göstərmək, sübut etmək daha çətindir: “Fiziki zorakılığın səbəbi çox zaman qarşı tərəfin psixoloji zorakılığa verdiyi adekvat cavab olur. Fiziki zorakılığı adətən kişilər törədir. Amma çox zaman kişiləri o zorakılığa sövq edən qarşı tərəfdən gördüyü psixoloji zorakılıq səbəb olur, yəni psixoloji zorakılıq sonuc etibarilə fiziki zorakılığı doğurur. Sadəcə həzz almaq adına fiziki zorakılıq göstərən insanlar isə psixi xəstəliklərdən əziyyət çəkənlərdir”.

Psixoloq düşünür ki, psixoloji zorakılığın isbatı məsələsində ciddi problemlər yaşana bilər, amma buna baxmayaraq cəzaların sərtləşdirilməsi daha çox işə yarayacaq. 

Başqa bir problem də var ki, yaşanan hər zorakılıq halı ilə bağlı qanun xəbər tutmur. Yəni, məişətdə baş verən psixoloji zorakılığın cəzalandırılması bu halın qanuna qədər gedib çıxa bilməsindən asılıdr.

T.Faziloğlunun sözlərinə görə, qanunun verdiyi imkanlardan yararlana bilmək üçün ailələr, insanlar kifayət qədər maarifləndirilməli, məlumatlandırılmalıdır: “Maarifləndikcə insanlar psixoloji şiddətin nə olduğunu anlaya və bu hərəkəti etməkdən çəkinə bilərlər. Bunun üçün ciddi şəkildə maarifləndirmə aparmalıdır. Psixoloji zorakılığa məruz qalan tərəf nə etməli olduğunu bilməlidir. İnsanlar bilmədikləri bir hala qarşı necə mübarizə apara bilərlər?”.  

Qeyd edək ki, Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir.

Belə ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişiklikdən sonra məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.

Qeyd edək ki, məcəllənin hazırkı bəndində məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.