İsmayıllı rayonundan olan gənclərin hazırladığı startap layihəsi Hakatonda (haker marafonu) qalib olub.

Elxeber.com xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə keçirilən 3-cü "Hackathon-StartUp Challenge" müsabiqəsi yekunlaşıb. 

Müsabiqəyə İsmayıllı rayonundan qatılan gənclərin layihəsi təşkilatçıların diqqətini cəlb edib və "TutorLab" komandası qalib olub.

Belə ki, iki ay müddətində davam edən Hakatonda müxtəlif mövzulara aid startaplar qalibiyyət uğrunda mübarizə aparıblar. 67 komanda arasında inkubasiya mərhələsinə cəmi 26 komanda vəsiqə əldə edib. Müsabiqənin münsiflər heyəti mövzunun aktuallığı, konsepsiya və plan, həmçinin komandanın səriştəlilik potensialı, təqdimat bacarığı, istifadə olunan yeni texnologiyalar və təklif edilən texniki həllər, o cümlədən layihənin iqtisadi səmərəliliyi və reallaşma potensialını əsas götürərək "TutorLab" komandasını qalib müəyyən edib.

Qeyd edək ki, komandanın layihəsi təhsil startapıdır. Müəllimin gündəlik olaraq qiymətləndirdiyi şagird valideynləri mobil tətbiq vasitəsi ilə anlıq bildirişlər alır və övladının günlük dərs performansına nəzarət edə bilir.

Yeni olmasına baxmayaraq layihə müəllim və valideynlər tərəfindən böyük marağa səbəb olub. Yaxın vaxtlarda ölkənin bir neçə məktəbində pilot layihə olaraq istifadə ediləcək.

Bu barədə ətraflı məlumatı fb.com/tutorlab.az vasitəsilə əldə etmək olar.