Dünya Yəhudi Diasporu İsveç rəsmiləri tərəfindən 8 iyulda İsrail səfirliyinin yanında “Tövrat"ın yandırılması ilə bağlı aksiyasının keçirilməsinə icazənin verilməsinə etiraz edir.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail prezidenti,  baş ravvinlər və yəhudi diasporunun digər üzvləri Stokholm polisinin “söz azadlığı” yığıncağının keçirilməsi haqqında tələbin təmin edilməsindən sonra İsveçi müqəddəs kitabların yandırılmasına son qoymağa çağırıb.

İsrail rəsmiləri yerli polis tərəfindən iyulun 8-də İsrail səfirliyinin yanında “Tövrat”ın yandırılması ilə bağlı aksiyasının keçirilməsinə icazənin verilməsindən sonra cümə günü İsveçə etiraz ediblər.

İki həftə bundan əvvəl yerli polis bildirib ki, İsrailin Stokholmdakı səfirliyi qarşısında 30 yaşlarında olan bir kişidən "söz azadlığı adına simvolik aksiya" olaraq iyulun 15-də yəhudi və xristian müqəddəs kitablarının yandırılması xahişi ilə ərizə alıb. Bu, şəhərdə Quranın yandırılması ilə rezonans doğuran aksiyadan cəmi bir neçə həftə sonra baş verib.

“Tövrat”ın yandırılması ilə bağlı aksiyanın keçirilməsinə icazənin verilməsi İsraildə və bütün dünyada yəhudi icmalarında böyük qəzəbə səbəb olub. İsrail prezidenti İshaq Hersoq bu hərəkəti açıq nifrətin təzahürü adlandırıb: "İsveçdə müqəddəs kitabların yandırılmasına icazə verilməsini birmənalı şəkildə qınayıram. Mən İsrail dövlətinin Prezidenti olaraq bütün dünya müsəlmanları üçün müqəddəs olan “Qurani-Kərim”in yandırılmasını pislədim və indi də eyni aqibətin yəhudi xalqının əbədi kitabı olan yəhudi "Tövrat"ını gözlədiyi üçün ürəyim ağrıyır. Müqəddəs mətnlərin təhrif olunmasına yol verilməsi söz azadlığının təzahürü deyil, açıq-aşkar təhrik və açıq-aydın nifrət aktıdır. Bütün dünya birləşməli və bu iyrənc hərəkəti qəti şəkildə qınamalıdır”.

Baş nazir Benyamin Netanyahu da İsrailin bu biabırçı qərara çox ciddi yanaşdığını bildirib. İsrailin xarici işlər naziri Eli Koen də aksiyanın keçirilməsi ilə bağlı planları pisləyib və nazirliyin Təl-Əvivin İsveçin İsraildəki səfirliyinə “polisin müqəddəs yəhudi əşyalarına zərər vurmaq icazəsinə şiddətli qəzəbini” çatdırdığını vurğulayıb. Xarici işlər naziri bu hərəkətləri nifrət zəminində cinayət, yəhudi xalqına və ənənələrinə ciddi ziyan vuran təxribat adlandırıb. "Mən İsveç hakimiyyətini bu biabırçı hərəkətin qarşısını almağa çağırıram", - deyə o qeyd edib.

İsrailin müxtəlif dövlət rəsmiləri ilə yanaşı, bu aksiyanın qarşısının alınması ilə bağlı tələblər dünyanın müxtəlif ölkələrindəki yəhudi diasporunun müxtəlif üzvləri tərəfindən səsləndirilir.