Kəlbəcərin ətraf mühitinin bərpasına töhfə vermək məqsədilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Elxeber.com xəbər verir ki, aksiya noyabrın 25-də, rayonun düşmən işğalından təmizləndiyi gün baş tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl Marafon" kampaniyası çərçivəsində rayon ərazisində 2100 müxtəlif cinsli ağac əkildi, 500 kiloqrama yaxın palıd toxumu səpilib. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Nazirliyinin Kəlbəcərdəki "N" saylı hərbi hissəsi, Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon şöbəsi, "Azərenerji", "Azərişıq" Açıq Səhmdar cəmiyyətləri, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibəsində bildirib ki, əsrarəngiz mənzərəli, bərəkətli torpaqlara ayaq basdığımıza görə hər birimiz özümüzü şanslı hesab edirik:"Burada qar yağsa da, özümüzə borc bildik ki, bu günü ağacəkmə ilə qeyd edək. Onu da bildirim ki, Kəlbəcər Azərbaycanın ərazi cəhətdən ən böyük meşə təsərrüfatına malik rayonudur. Rayon 80 min hektardan çox meşə fondu ərazisinə malikdir. Bunun da əksəriyyəti meşə ilə örtülü sahələr olub. Əfsuslar olsun ki, mənfur düşmən bu ərazilərə də ekosid törədib. 20 min hektara yaxın meşə ümumiyyətlə məhv edilib. Buradakı meşələr həddən artıq qiymətlidir".

Nazir müavini bildirib ki, bütövlükdə işğal dövründə torpaqlarımızda 60 min hektara yaxın meşə ilə örtülü sahələr məhv edilib. Bunun da 20 min hektarı Kəlbəcərin payına düşür. Bu, hələ ilkin müşahidələrdir. "Azərkosmos"dan alınan peyk görüntülərinin nəticələridir. Ərazilər minalardan təmizləndikcə, ekoloji terrorun miqyasının daha böyük olacağına şahidlik edəcəyik.

"Erməni barbarları öz zəhmətimizlə tikdiyimiz evlərdə 30 il ərzində yaşadılar, sonra da yandırıb getdilər. Əkdiyimiz ağacların meyvələrini dərib yedilər, gedəndə kəsib, məhv edib getdilər. Yolboyu şahid olduq ki, Tərtərçayın yatağı boyu xeyli ağac kəsilib. Bir il ərzində rayonda xeyli iş görülüb, infrastruktur layihələri davam edir. Biz də nazirlik olaraq rayonun yaşıllaşdırılmasına, ekoloji terrora məruz qalmış təbiətinin bərpasına çalışırıq. Çox sevincliyik ki, məhz Kəlbəcərin azad edildiyi gün biz rayonun Qamışlı, Yanşaq, Zülfüqarlı kəndləri ərazisində və rayondakı "N" saylı hərbi hissənin ərazisində adi göyrüş, ağcaqayın, qarağac, dağdağan, şam və s. ağaclar əkdik, palıd toxumları səpdik, eyni zamanda, Alagöllər ərazisində də palıd toxumları səpdik. Biz bir daha bu dünyaya nümayiş etdirdik ki, bu torpaqların əsl sahibləri bizik və bütün ərazilərimizi başdan-başa yaşıllığa qərq edəcəyik. Nazirlik olaraq həm işğaldan azad edilmiş torpaqlarımıza vurulmuş ziyanın hesablanmasında, həm də həmin rayonların bərpası üçün əlimizdən gələni edəcəyik. Bizimlə ekoloji aksiyaya qoşulan hər bir quruma, tərəfdaşlarımıza minnətdarıq".

Müdafiə Nazirliyinin Kəlbəcər rayonundakı "N" saylı hərbi hissəsinin İdeoloji iş şöbəsinin zabiti, mayor Anar Rzayev də fikirlərini bölüşüb: "Ötən il noyabrın 25-də Kəlbəcərə ilk daxil olan hərbi qulluqçulardan biriyəm. Bir ildir ki, burada xidmət edirəm. Mürəkkəb relyef, qarlı şaxtalı hava olsa da, hərbi qulluqçularımız usanmadan hər bir çətinliyə sinə gərərək öz xidmətini ləyaqətlə yerinə yetirirlər. Bir il keçib və Kəlbəcərin inkişafı göz önündədir. Burada hərtərəfli inkişaf gedir. Bu gün rayonun azad edilməsi münasibətilə keçirilən aksiyada da bir neçə hərbi qulluqçumuz iştirak etdi. Biz hərbçilər ağacəkmə aksiyasına qoşularaq rayonun ətraf mühitinin sağlamlaşdırılmasına da töhfəmizi verməyə çalışdıq. Aksiyada iştirak etməkdən məmnunuq".