Bizim taxıl əkinimiz nə qədər artıq olsa da, təbii şəraitimiz bizə bərk-proteini daha çox olan buğdanı yetişdirməyə imkan vermir. Ona görə də bu məhsulu kənardan gətirməyə məcburuq.

Bunu Elxeber.com-a açıqlamasında Coğrafiya İnstitutunun  Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev deyib. Xüsusilə, Qazaxıstan, Ukrayna və  Rusiyadan taxıl gətirdiyimizi xatırladan mütəxəssis, buğdanın daha çox qara torpaq zonasında yetişdirildiyini bildirib: “Hazırda Rusiya böyük qara torpaq zonasına təkbaşına ağalıq edir. Əgər  taxıl çatışmazlığı varsa, ökənin digər gəlirlərindən istifadə etməklə taxıl alınmalıdır”.

Ənvər Əliyev onu da bildirib ki, ölkəmizin taxıl əkilən sahələrində məhsuldarlıq çox aşağıdır: “Taxıl əkini sahələrimizdə normal aqrotexniki prinsiplərə əməl edə, yaxşı sortlar yetişdirə bilmirik. Bəzi ölkələrin hər hektardan götürdüyü  taxılın yarısı qədər məhsul  ancaq götürürük. Taxıl əkini ilə məşğul olanların normal su, gübrə təchizatı olmur. Taxıl əkənlər  sortları özü seçir. Halbuki, Azərbaycandakı taxıl sortları normal araşdırılmalıdır. Keyfiyyəti artırılmalıdır. Bunlar olmadığına görə, məhsuldarlıq aşağı olur”. 

Onun sözlərinə görə, buğda əkib aşağı məhsul almaqdansa, həmin torpaqda üzüm istehsal edib, bol məhsul götürmək, yaxşı qiymətə satmaq və qarşılığında buğdanı almaq daha faydalıdır: “Vaxtilə Azərbaycan aqrar-sənaye ölkəsi idi. Yəni, əvvəllər büdcənin formalaşmasında kənd təsərrüfatının payı 50 faizdən yuxarı idi. İndi Azərbaycanda kənd təsərrüfatı məhsulları, balıqçılıq da daxil olmaqla, ümumdaxili məhsulun 6.4 faizini təşkil edirsə, başqa nə deyəsən? Dədə-babalarımız qədimdən maldarlıqa məşğul olub, amma indi əti Hindistandan alırıq. Kənd təsərrüfatını belə bərbad hala salmışıq. Necə olur ki, İvanovka kəndindəki kolxozda hər hektardan 60 sentener taxıl götürülür, qonşu kənddə  20-30 sentener götürmək olmur?”.