“Köynəyinin yaxalığı xarab olub. Səhər dərsə başqa köynək geyinərsən, oğlum. 

-Başqasını geyinə bilmərəm, ana. Müəllim icazə vermir”. 

Dayanacaqda ana ilə övladın arasında baş tutan bu dialoq diqqətimi çəkir və qeyri-ixtiyari məktəbli oğlanın köynəyinə baxıram. Qolları və yaxalığı əzik-əzik olan köynək sanki neçə ilin köhnəsidir. Ətrafda olan digər valideynlər də söhbətə qarışır. Onlar məktəb formalarının keyfiyyətini müzakirə edir. Bir-iki ay öncə aldıqları məktəb formalarının, xüsusilə köynəyin cəmi bir neçə dəfə yuyulduqdan sonra əzik-əzik olduğunu vurğulayırlar.

Keçən il aldıqları formaların keyfiyyətinin builkindən daha yaxşı olduğunu deyən valideynlər də var. Qeyd edək ki, yeni tədris ili başlamazdan əvvəl də valideynlər forma alarkən narazılıqlarını ifadə edirdilər. Bu il məktəbli formalarının satış mərkəzlərində izdiham yaşanmırdı, amma əvəzində normal ölçü və keyfiyyətdə formalar tapmaqda problemlər vardı.

Valideynlərin sözlərinə görə, bu il xüsusilə şalvarların keyfiyyəti aşağıdır. Narahatlıq yaradan daha bir məqam isə şalvarların dar tikilməsidir. Dar geyimlər uşaqların  rahat hərəkət etmələrinə da mane olur. Yaxalığı əyri, hətta qollarının ölçüsü bir-biri ilə uyğun gəlməyən köynəklər var. Formaların narahatlıq yaradan başqa bir tərəfi isə qış aylarında ortaya çıxır. Valideynlər deyir ki, həddən artıq nazik parçadan tikilən şalvar və ətəkləri qış aylarında uşaqlara geyindirmək mümkün olmur.   

Məlum olduğu kimi, hələ ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.

Qərara görə, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solmayan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. 

Qərarda göstərilən məqamlarla formaların keyfiyyət məsələsi heç də üstü-üstə düşmür. İndiki formaların yararlılığı nəinki 2-3 il, heç bir neçə ay də çəkmir.

Formalar  nə üçün keyfiyyətsizdir?      

Mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri  Etibar Əzimov Elxeber.com-a bildirdi ki, valideynlərin narazılığı və şikayəti ancaq saxta məktəbli formalarından ola bilər: “Şəhərdə hər yerdə saxta məktəbli formaları satılır. Üstəlik bu işlə məşğul olanların hamısı Bakı Tikiş Evinin adından istifadə edirlər. Bizim satış mərkəzlərində ölçüləri uyğunsuz, bir qolu qısa məktəbli forması yoxdur. Valideynlərin narazılığına səbəb olan təsadüfi yerlərdən alınan, mənşəyi bilinməyən parçalardan tikilənlərdir. Valideynlər düzgün seçim etmirlər. Bizim hazırladığımız məktəbli formalarının uyğunluq sertifikatı var”.

Şöbə rəisi onu da deyir ki,  bu il məktəb formalarının istehsalı ilə onlardan başqa dörd iri yüngül sənaye müəssisəsi də məşğuldur: “Bizdən başqa istehsalla məşğul olan 4 fabrik də var. (“Bakı Tekstil Fabriki”, “GiLTEX” MMC,  Alyans Tekstil, Black Rooms və Bakı Tikiş Evi). Alıcılar bu beş müəssisənin hansından istəsə, seçim edə bilər. Yox, onlar zirzəmidə istehsal olunan məhsulları alarlarsa, burada bizim günahımız yoxdur. Bizim satış mərkəzimiz Bakı şəhərində 10 nöqtədə var ki, bunların hər birindən alınan mallara zəmanət veririk”. 

E.Əzimov deyir ki,  formaları hazırlamaq üçün parçaları Türkiyədən , Belarusiyadan alırlar.

Hazırda qarşıdan qış ayları gəldiyi üçün uşaqlar üçün qalın geyimlər də alınır. Amma valideynlər arasında apardığımız kiçik sorğudan belə məlum oldu ki, onların əksəriyyəti məktəb üçün jaketləri formaların satıldığı məkanlardan almaqda maraqlı deyil.  

Etibar Əzimov deyir ki, qış geyimi kimi qızlar üçün şalvar və bütün şagirdlər üçün jaketlər də satılır: “Şalvarlar burada tikilsə də, jaketlər əsasən Türkiyədən gətirilir. Şalvarın qiyməti 25,  jaket isə 30 manatdır. Formaların rənginə uyğun qış üçün jaketlər var”.

Sonda onu da vurğulayaq ki, valideynlərin keyfiyyətindən narazılıq etdikləri məktəbli formalarının etiketində Tikiş Evinin (BTE) adı yazılıb. Bunu onların özləri bildirib. Belə olan halda, valideynlər üçün bir seçim qalır. Paltarı yalnız fabriklərin satış mərkəzlərindən əldə etmək. O zaman valideynlərin əlavə sübuta ehtiyacı qalmaz.    

Bakı Tikiş Evinin məktəbli formalarının satış mərkəzlərini təqdim edirik:

Elxeber.com