Adlı-sanlı ailədə doğulmağın, ziyalı bir nəsli təmsil etməyin öz çətinlikləri var. Daha məsuliyyətli olmaq, qazandığın biliklərlə cəmiyyətə fayda vermək, Vətən sevgisini aşılamaq çox zaman bu cür insanların həyat missiyasına çevrilir. Bu gün haqqında söhbət açacağımız  Güney Azərbaycandan olan Məryəm Cahangiri Əfşar da belə taleyi yaşayanlardan olub.

O, ürəyi Azərbaycan sevgisi ilə dolu, xalqını sevən, Vətənin gözəlliyini şeirlərində tərənnüm edən ziyalı bir xanım olub. M.Əfşarın həyat və yaradıcılığına yer verdiyimiz bu yazıda soydaşlarımız elimizin bu ziyalı xanımını daha yaxından tanıya biləcək.  

Fəlakətlərin yaşandığı dövrdə doğulur...

Məryəm (təxəllüsü Kameliya) Cahangiri Əfşar  1917-ci ildə Qərbi Azərbaycanın Urmiya şəhərində “Cilovluq fəlakətləri” nin tüğyan etdiyi bir vaxtda dünyaya göz açıb. Nadir şah Əfşarın soyundan olan olan ailəsi sənəti, ədəbiyyatı sevən, dəyər verən insanlar olub. Atası Hüseyn xan Cahangiri “Quran”ın arxa qapağında qızının doğulmasının dəqiq vaxtını belə yazır: “Onun doğulması Cilovluq faciələri və ermənilərin Urmiya əhalisini qarşı qırğınlar törətdiyi vaxtla üst-üstə düşür”. 

Məryəmin qardaşı Əlaəddin Təkişin dediyinə görə, bacısının uşaqlıq çağı baş verən dəhşətli hadisələrin, həyatın iyrənc üzünün bütün çılpaqlığı ilə ortaya çıxdığı illərdə keçib. Ermənilər, kürdlər tərəfindən xalqına qarşı baş verən qırğınlar onun körpə beyninin aynasında öz təsirini göstərir. Gördüyü çətinliklər Məryəmin qəlbini o qədər həssas, xalqına qarşı sevgi dolu edir ki, bu keyfiyyətlər həyatının son dəqiqələrinə qədər onu tərk etmir.

Bütün çətinliklərə baxmayaraq Məryəm 1930-cu ildə Qadın Dövlət İbtidai Məktəbindən altı illik ibtidai təhsil sertifikatı almağa nail olur. Yaxınlarının dediyinə görə, Məryəm oxuduğu müddətdə həmişə əlaçı olub. Oxuduğu illər ərzində atasına göndərilən “Berlin Elm və İncəsənət Mətbuatı” və “Əl-Mətin” kimi jurnal və qəzetləri oxuyaraq vaxt keçirir, qalan zamanını isə oxuya bilməyən qızların təhsilinə həsr edirmiş. O, hətta atasının evində çalışan, oxumağa imkanı olmayan  işçilərə də oxumaq və yazmaq oyrədib. Ətrafındakı insanlar Məryəmi həmişə mehriban qadın adlandırıblar.

Bir müddət sonra Məryəm Urmiyada şəhərin fəal qadını kimi İranın Mədəniyyət Nazirliyində işləməyə başlayır.

On səkkiz yaşına çatan Məryəm Cahangiri  ilə  evlənmək istəyənlər çox olsa da, ailəsinin  tövsiyəsi ilə qohumu ilə evlənir. Lakin Məryəm evlilik həyatında xoşbəxtliyi, istədiyi sevgini tapa bilmir. 

Qardaşı Ələddin Təkiş Məryəmin gəncliyinə və şeirə olan marağına işarə edərək yazır: “Məryəmin gəncliyi yavaş-yavaş  keçirdi. O, iki il idi ki, “mələklərin dili”ni başa düşmüşdü və həmişə o dildə danışmaq,  fikirlərini ritmik və şeir dilinə çevirmək arzusunda idi”.

Atasının təşviqi ilə onun şeirlərinin tanınması çox çəkmir. Bəzi qəzetlərdə, o cümlədən Təbrizdə nəşr olunan “Şahin mətbəəsi” jurnalında, Tehranın “Şeir mərkəzi” nəşrində şeirləri yayımlanır. O, bu dövrdə qızlar üçün misli görünməmiş şeirlər tərtib edərək "Gül operası"nı , "Mələklər" və "Vətən əsgəri" pyeslərini yazıb.

Təəssüf ki, onun bir çox ədəbi məqalələri, qeydləri, şirin xatirələri ətrafında olanların səhlənkarlığı ucbatından itir. 

Məryəm ədəbiyyatla yanaşı, musiqi ilə də məşğul olub, siması kimi gözəl səsə malik olub.

Gənc yaşda ağır xəstələnir

Məryəm Cahangiri Əfşar gənc yaşlarında xəstələnir. Belə ki, 1952-ci ilin sentyabrında xəstələnir və qardaşının dediyinə görə, həkimlərin düzgün dərman təyin etməməsi səbəbindən həmin ayda da vəfat edir.

Onun yazdığı şeirlər ölümündən sonra “Məryəmin xatirəsinə” adı ilə nəşr olunub. Lakin onun bir çox şeirləri hələ də çap olunmayıb. 

Məryəmin özündən sonra iki qızı və iki oğlu qalıb.

Onun məzarı Urmiyada- Ərəb Bəqi türbəsinin həyətində yerləşir. Hətta Məryəm Cahangirinin gözəl şeirlər həkk olunmuş qəbir daşı yoxa çıxıb, yerində bir daş parçası qoyulub.

Vətənin tərənnümçüsü

Qeyd edim ki, Məryəmin çap olunmuş və günümüzə qədər gəlib çatan şeirləri həm fars, həm də Azərbaycan türkcəsindədir.  O, hər iki dildə gözəl şeirlər yazıb.

Məryəm Cahangiri həmişə azad qadın olub. Onun həm yaşayışında, həm də şeirlərində azad ruhlu yaradıcılığı, ideyaları görünür.

Məryəm İsrailin Fələstini işğal etdiyi ilk zamanlar Qüds və məzlum Fələstin xalqı üçün İranda şeir yazan ilk qadın şair olub. Farsça yazılan şeir Təbriz jurnallarında dərc olunub.

Məryəm Azərbaycan türkcəsində yazdığı şeirlərində Vətənin təsvirinə daha çox yer verib.

Ustad şair Şəhriyar kimi şeirlərində Azərbaycanın bölünməsi ilə bağlı nalə edib və bu ayrılığı salanlardan intiqam almaq istəyini vurğulayıb. Bu elementləri onun “Könül” şerində açıqca görə bilərik:

Olma namərd o muhəbbet eləmə na əhlə,

Bağlamaz aqil olan ülfəti nadanə könül!

***

Vətən eşqində gərək əl çəkəsən canından,

Çün səməndər yanasan atəşe suzane könül!

***

Arzumdur ki yetəm vəslivə əmma nə edim?

Bağlanıb zülmətə zəncirə bu divanə könül.

Azərbaycanın o qədər də tanınmayan qadın şairi Məryəm Cahangiri Əfşar qısa ömründə  Vətəni Azərbaycanın sevgisiylə yaşayıb, şeir yazıb. Onun bu ənənəsi digər qadın şairlərdə az müşahidə olunur.

Bu səbəbdən onu təkcə Cənubi Azərbaycanın deyil, bütün  Azərbaycanın Vətən şairi adlandırmaq olar. Onun “Azərbaycan” şeirində Vətənin təsviri çox gözəl verilib. 

Azərbaycan

Dağ o daşi parlayan əlmas tək topragı zər,

Çayları coşqun hamı bostanlarında çox səmər.

Pozgınan biganə fikrin nəqşəsin eylə hədər,

Qoyma naməhrəm edə o arizə bircə nəzər

Ey şərafət kani, ey qeyrətli Azərbaycan!

Qəhrəmanlar yurdusan, şöhrətli Azərbaycan.

Məryəm Cahangiri Əfşar 1945

Müəllif: Araşdırmaçı-yazar Mehdi Dehkan