"Qulançar bitkisinin mətbəxdə xüsusi yeri var. Ən çox salatlarda çiy və ya azca pörtlənmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır".

Elxeber.com xəbər verir ki, bunları qida texnoloqu Ağa Salamov qulançar bitkisinin faydalarından danışarkən deyib.

O bildirib ki, mərəçüyüd və ya qulançar adlanan bu bitki, Azərbaycanda daha çox Naxçıvan Muxtar Respublikasında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala kimi bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir: "Qulançar 4000 il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada insanlara məlum idi. Respublikamızda Qulançar və Mərəçüyüdün 9 növünün yayılmasına baxmayaraq, onların bir neçə növü qidalılıq əhəmiyyətinə malikdir, xalq arasında yeyilir".

Qida eksperti bitkinin faydalarından bəhs edib: "Mərəçüyüdün faydalarını saymaqla bitməz. Qısa olaraq onu deyə bilərəm ki, tərkibində K vitamini bol olduğuna görə orqanizmdə kalsiumun sorulmasına yardımçı olur. Bu da təbii olaraq sümüklərə və ümumillikdə skeletə çox faydalıdır.
Tərkibindəki antioksidan (glutathione) sayəsində stress zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir. Probiotik tərkibə malik olduğu üçün immunitet sistemini də gücləndirir.
Mərəçüyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirir, artıq duzu idrar vasitəsilə çıxarır və qan təzyiqini azaldır".

Kimlərə məsləhət görülmür?

A.Salamov bitkinin hansı hallarda zərər verə biləcəyinə də toxunub. 

O, köpdən əziyyət çəkənlərə qulançardan az istifadə etmələrini tövsiyə edib:"Qulançar tərkibindəki rafinoza səbəbiylə də köpə səbəb ola bilər. Zanbaqkimilər fəslinə daxil olan bitkilərə qarşı allergiyayası olanlar diqqətli olmalıdırlar. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlara mərəçüyüd bitkisi zərər verə bilər".