“Əkinçi" qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü gün – 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. 

Belə ki, Azərbaycan milli mətbuatının yaranışı ölkəmizdə maarifçilik hərəkatının banilərindən olan təbiətşünas-alim Həsən bəy Zərdabinin adı ilə bağlıdır.

1875-ci ildə bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetini ərsəyə gətirən Həsən bəy onun həm naşiri, həm redaktoru, həm də korrektoru olub. Qəzetin işıq üzü görməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi ziyalılarımızın böyük xidmətləri olub.

Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən qurtarmaq, qəflət yuxusundan oyatmaq idi. Müəllifin 1906-cı ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsinə nəzər salaq:"Hər kəsi çağırıram - gəlməyir, göstərirəm - görməyir, deyirəm - qanmayır. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru sözlər yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar".

Azərbaycanda qəzetçilik ənənəsinin əsasını qoyan “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də (1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək), o, milli mətbuatımızın təşəkkül tapmasında və inkişafında əvəzsiz rol oynadı. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında populyarlıq qazanmışdı. Qəzet insanların maariflənməsinə, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasına vəsilə oldu. Həmçinin o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ etməklə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər. 

Mətbuatımızın "qaranquşu" "Əkinçi"nin bağlanmasının bir sıra səbəbləri olub. Lakin əsas səbəblərdən biri qubernator Staroselskinin Bakıdan getməsi sayılır. Onun yerinə təyin olunan yeni qubernatorun nə Həsən bəydən, nə də onun qəzetindən xoşu gəlmir. Odur ki, qəzetə ciddi senzura qoyulur, siyasi xəbərlərin qəzetdə çap olunmasına icazə verilmir, qəzetin əleyhdarları isə onun bağlanması üçün yuxarılara "donoslar" göndərməyə başlayırlar. Həmin vaxt ölkədə siyasi durum da çox pis vəziyyətdə olduğundan qəzeti çıxarmaq mümkün olmur. İmkansız və köməksiz qalan Həsən bəy qəzetin 56-cı sayında oxucularına müraciət edərək yazır: "Əkinçi" baba naxoşlayıb. Qəzetin gələn nömrəsinin nə vaxt çıxacağını bilmirik".

Beləliklə, 1877-ci il 29 sentyabr tarixli sayında onun çapına son qoyulur. H.Zərdabi qəzetin bağlanmasından nə qədər sarsılsa da, bir şeyə əmin idi ki, "Əkinçi"nin səpdiyi səmərəli ideya toxumları gec-tez cücərib öz bəhrəsini verməlidir. Belə də olur. "Əkinçi"nin ideyalarını daha kəsərli, daha qabarıq şəkildə təbliğ edən, məzmun-qayəsi etibarı ilə onunla səsləşən "Molla Nəsrəddin" jurnalı meydana çıxır (birinci nömrəsi 1906-cı ilin aprelin 7-də Tiflisdə çapdan çıxmışdır).

 Qeyd edək ki, "Əkinçi" qəzeti bağlandıqdan sonra H. Zərdabi jurnalist fəaliyyətini "Həyat", "İrşad", "Şərqi-rus", "Kaspi" , "Novoye obozreniye" qəzetlərində, habelə, "Dəbistan" jurnalında davam etdirib