Mingəçevir Dövlət Universiteti (MDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində əmək yarmarkası keçirəcək.

MDU-dan verilən məlumata görə, Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə tədbir noyabrın 3-də MDU-nun əsas tədris binasında təşkil olunacaq. Əmək yarmarkasında Mingəçevir şəhərində yerləşən 16 dövlət və özəl müəssisə tərəfindən 165 vakansiya (o cümlədən MDU üzrə 14 vakansiya) təqdim olunacaq.

Eyni zamanda, MDU tarixində ilk dəfə “Birinci Məzun Forumu” keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platforma təmin etməkdir.

Forum çərçivəsində qonaqların və məzunların çıxışları ilə 3 panel iclasının keçirilməsi, MDU Məzunlar Assosiasiyasının təsis edilməsi və mədəni fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulub.