O, Quba rayonunun Qrız kəndində Binnətlər nəslinin nümayəndəsi kimi dünyaya gəlir. Amma tale onun yolunu qürbətə salır. Çətinliklərlə dolu həyat hekayəsi İkinci Dünya Müharibəsinin başlaması ilə eyni vaxtda yazılmağa başlayır.

Uzun illər həsrətlə yaşanan bir ömrün- Gülbala Qubalının həyat hekayəsini onun oğlu Türkiyə vətəndaşı, hazırda Türkiyənin İzmir şəhərində yaşayan Abdulla Qubalı Elxeber.com-la bölüşüb. Qeyd edək ki, Abdulla Qubalı 1952-ci ildə Qars şəhərində doğulub. Ərzurum şə­­h­ə­­rin­dəki Atatürk universitetinin məzu­nu, filoloqdur.

Quba-Qrız kəndi

Qürbətdə başlayan həsrət

Bu avtobioqrafik məqalə hər hansı rəsmi baxışı dəstəkləmək üçün deyil, mümkün qədər obyektivlik qorunaraq təqdim olunur. Atalarımızla öyünmək çoxumuzda görülən bir davranış tərzidir. Əcdadlarını onların yaşadıqları şərtlər daxilində qiymətləndirmək, xoşagəlməz yanaşmalardan uzaq durmaq da başqa bir məsələdir. 

Ailəmlə bağlı təqdimatlarda sənədlərə və məlumatlara əsaslanmağa çalışdım. Mümkün qədər empatiya göstərməyə çalışaraq, vaxtaşırı özümü sovet əsgəri ikən almanlara əsir düşən, təkcə dustaq deyil, həm də alman əsgəri olan, buna görə də vətəndaşlıq haqlarını itirən  və bu səbəbdən də illrələ Vətən və ailə həsrəti çəkən atamın yerinə qoydum. Gah özümü əri evdən çıxıb illərlə geri dönməyən ögey anamın, bəzən də atabir ana ayrı qardaşlarımın yerinə qoydum. Bununla da qalmayıb, özümü müharibədə tərəf dəyişdirmə cinayətlərini edənlərin və bu cinayətləri törədənlərə qarşı tədbir görən sovet hərbi rəhbərliyinin yerinə də qoydum.               

Özüm olmağa növbə çox gec çatdı. Bəzən yaşananlar əsrlər əvvəl olmuş kimi uzaq, bəzən daha dünən olmuş kimi yaxın gəldi. 

Atam İkinci Dünya Müharibəsinə gedib və daha sonra qismətinə əsirlik düşüb. O, bu macərada tək olmayıb. İşin içində orduda iştirak edən komandalar, alaylar və ordular olub. Rütbəsizindən ən yüksək rütbəyə qədər olanlar, ruslar da olub. Onlar “Almanlar qalib gəlsələr, çarı bərpa edəcəklərinə və qırmızı fəlakətdən xilas olacaqlarına” inandırılıb. Alman qoşunu tərəfinə keçmək prosesində Sovet ordusunu tərkib hissəsi olan qırğız, özbək, dağıstanlı və azərbaycanlılar iştirak ediblər. Onlar almanların qalib gələcəyi halda, muxtariyyət qazanacaqlarına ümid edirdilər. 

Prosesin içində İkinci Dünya Müharibəsi zamanı küləyin istiqamətini dəyişmək istəyən, Türkiyədən Berlinə gedib Hitlerlə danışıq aparan dairələr (Şəxslər) olub. Əvvəlcə ayaqları yerə dəyməyən almanları sakitləşdirib və sovetlərin təkcə ruslardan ibarət olmadığını, onların arasında rus, müsəlman və Stalin rejimindən narazı olan aristokratların, mülklərindən məhrum edilmiş mülkədarların, əsgərlərin olduğunu deyiblər. Tərcümə büroları yaradılıb və sovet ordusunda olan ayrı-ayrı xalqlara öz dillərində müraciət olunub. Nasistlər tərəfindən təxminən 800 min nəfər könüllü və ya zorla əsir götürülüb. Onların əksəriyyəti nasist düşərgələrində aclıqdan, xəstəlikdən və baxımsızlıqdan ölüb.

Ruslara əsir düşən ingilis əsgərlərinə hər cür şərait yaradılarkən, sovet əsirləri kütləvi şəkildə həlak olub. Çünki onlara sahib çıxan olmayıb. Əsirlərdən alman ordusuna daxil olanlar da çox olub ki, bu prosesi Birinci Dünya Müharibəsində Almaniyanın mütəfiqqi olmuş Türkiyə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan insanlar istiqamətləndirib. Artıq əsirlərin günahı əsir düşməkdən daha ağır olub. 

Müharibə məğlubiyyətlə başa çatanda alman tərəfinə geçən sovet əsgərləri bir-bir yaxalanıb sovetlərə təhvil verilib. Özünü xilas edə bilənlərdən bəziləri İsveçrəyə sığına bilib. Oradan isə Türkiyə, Braziliya və bir neçə başqa ölkəyə mühacirət edənlər olub ki, atam da onlardan biri olub.

Atam müxtəlif çətinliklərlə Türkiyənin Qars bölgəsinə gəlib. Burada tərəvəz satışı ilə  məşğul olur və anamla (Zeynəplə) evlənərək özünə yeni həyat qurur. Atam Türkiyənin sərhəd bölgəsində məskunlaşmağa üstünlük verir. Qulağı daim Bakı radiosunda, Vətəndən gələcək bir xəbərə köklənir. Həsrətini tütəyi ilə dilə gətirirdi, Vətən həsrəti ilə ifa etdiyi mahnılar dinləyənləri duyğulandırdı. Fikri hər zaman məmləkətində, Qrızda qalan ailəsinin yanında qalardı. Nəhayət, 1960-cı illərdə, SSRİ-də qadağaların qismən götürüldüyü vaxtlarda ilk xəbərləşmələr, məktublaşmalar başlayır. Fotoşəkillər vasitəsilə oradakı insanlar bizi, biz onları tanıdıq. Məktublar bir-birinin ardınca gəlib-gedirdi. Atamın atası, anası, bacılarının bəziləri və daha bir çox qohumları İkinci Dünya Müharibəsinin ağır günlərində həyatlarını itirmişdi. Qrızda qalan həyat yoldaşı isə hər zaman övladlarının başında durub, onları böyüdüb, əllərini çörəyə çatdırmışdı.

Doğma torpağa qovuşan ruh

Nəhayət, 1981-ci ildə atam Gülbala, 1941-ci ildən çıxdığı ölkəsinə gedə bildi. Illər bir-birini qovalamış, Qrızda qoyub getdiyi oğlanları baba olumuşdu. Brejnev dövründə soyuq müharibənin təsirləri hələ də davam edirdi. Atamın çox qalmasına icazə yox idi. Bir göz qırpımında keçən zamanın sonunda min-bir peşmanlıqla Türkiyəyə dönmüşdü. 1991-ci ildə yenidən yollara düşdü. Bu dəfə körpünün altından çox sular axmış, Sovet İttifaqı dağılmış, Müstəqil Azərbaycan Dövləti yaranmışdı. Viza və sairə sənədlərə ehtiyac qalmamışdı. 1993-cü il sentyabrın 23-də Qrızda- uzun illər həsrət qaldığı torpağında xəstələndi və elə orada dünyasını dəyişdi. Doğma torpağı Qırızda dəfn olundu.

Atamın ölümündən bir il sonra 1994-cü ildə təkbaşıma Azərbaycana, Qrıza getdim. 2008-ci ildə bacım, 2013-cü ildə həyat yoldaşım olmaqla 7 dəfə atamın kəndi olan Qrıza gedib-gəldik. 

Qrızda olan ailəmizdən Türkiyəyə gələnlər, burada təhsil alanlar oldu. Türkiyə onların ikinci vətəninə, Azərbaycan bizim ikinci vətənimizə çevrilib.

Mənim həyatım, təhsilim, müəllimliyim çətinliklərlə keçdi. Anam rəhmətə gedəndə atamın adını sayıqlayaraq ruhunu təslim etdi. Azərbaycanda olan Qubanın Qrız kəndini- ata-baba yurdumuzu heç vaxt unutmuruq. Müəllimlik peşəmdən təqaüdə çıxanda qohumlarımın  çoxunun yaşadığı İzmir şəhərinə yerləşdim. Hazırda da da İzmirdə yaşayıram. Azərbaycanla, ləzgilərlə bağlı araşdırmalar və tərcümlər edir, mədəniyyətimizə töhfə verməyə çalışıram.

Bu gün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz” və  “Bir millət iki dövlət” devizi ilə yaşayırıq.