Nazirlər Kabineti “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” 6 fevral 2014-cü il tarixli qərarında dəyişiklik edib.

Nazirlər Kabinetinin məlumatına görə, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə "Aİ-92" markalı avtomobil benzini üzrə aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağı üzrə aksiz dərəcəsi isə 18 %-dən 18,3 %-ə çatdırılıb.

Həmçinin növbəti ildən yanacağın Dövlət Neft Şirkətinin (SOCAR) müəyyən etdiyi satış məntəqələrindən Naxçıvan MR-na daşınmasına təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödəniləcək. 

Qeyd edək ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamalı, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etməli və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.