Heydər Əliyev müqəddəs bayrağımızı 33 il öncə milli mübarizənin rəmzi kimi ucaltdı

Keçmiş sovetlər birliyinin digər respublikalarından fərqli olaraq Azərbaycanın müstəqilliyə gedən yolu heç də rahat olmayıb. Xalqımız bu yolda milli mübarizə aparıb, enişlərdən-yoxuşlardan, dolanbaclardan keçməli olub. Bu yolda saysız-hesabsız əziyyətlərə qatlaşıb, şəhidlər verib… 
Müstəqilliyimizə gedən yol həm də tariximizdə mühüm yeri olan əlamətdar siyasi hadisələrlə zəngindir. Hansı ki bu hadisələr xalqımızın müstəqillik mücadiləsinin təkanverici qüvvəsinə çevrilmiş, hər bir azərbaycanlını milli ideallar ətrafında daha sıx səfərbər etmişdir. Belə əlamətdar tarixi hadisələrin ən mühümü isə hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımızın muxtar respublikanın rəsmi bayrağı elan edilərək ucaldılmasıdır.
Öncə onu qeyd etmək istərdim ki, sovet rəhbərliyinin bütün təzyiqlərinə qətiyyətlə sinə gərən, vəzifədə çalışmadığı vaxtlarda belə xalqımızın haqq səsini heç nədən çəkinmədən, cəsarətlə dünyaya çatdıran Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişi muxtar respublikanın ictimai-siyasi həyatında böyük hadisəyə çevrilmiş, sakinlər Ulu Öndəri böyük sevgi və ehtiramla qarşılamışdılar. Məhz bu ehtiramın göstəricisi kimi həmin il keçirilən parlament seçkilərində Naxçıvan ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin namizədliyini irəli sürmüş və Ulu Öndər Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdi. 
Beləliklə, doğma yurda gəlişi ilə eyni zamanda yenidən siyasi fəaliyyətə başlayan xalqımızın dahi oğlu öz fəaliyyəti ilə yenidən Azərbaycan tarixinin böyük qürur hissi ilə bəhs etdiyimiz uğurlarına müəlliflik etmişdir. Ən əsası, Heydər Əliyevin Naxçıvandan başlayan yeni siyasi missiyası bütün Azərbaycanda milli azadlıq mücadiləsinin daha da genişlənməsinə və yeni keyfiyyət mərhələsinə yüksəlməsinə səbəb olmuşdur. Bu məsələdə isə Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Ali Məclisində qəbul edilən qərarlar tarixi rol oynamışdır.
Belə ki, respublikamızda hələ 1990-cı ildə sovet dövləti ilə bağlı rəmzlərdən ilk olaraq məhz Ulu Öndərin qətiyyəti sayəsində Naxçıvanda imtina olunmuşdu. Bu baxımdan Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli  iclasında qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyinə gedilən yolun ilk rəsmi sənədləri kimi tarixə düşmüşdür. İclasda Azərbaycanda milli azadlıq mücadiləsi geniş müzakirə edilmiş, Naxçıvan MSSR-in adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar qəbul olunmuşdur. 
Həmin gün qəbul olunan digər tarixi qərarla isə Azərbaycan Xalq Cümhuriyyətində ucaldılmış üçrəngli bayrağımız rəsmən Naxçıvan Muxtar Respublikasının bayrağı elan edilmişdir. Qərarda həmçinin Azərbaycan Ali Sovetinə dövlət rəmzləri haqqında məsələyə baxılması və respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul edilməsi təklif olunmuşdu.
Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması olduqca mühüm siyasi hadisə idi. “O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”, – deyə Ümummilli Lider Heydər Əliyev sonralar bu barədə danışarkən bildirmişdir.
Beləliklə, Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə 33 il əvvəl –  hələ sovet dövlətinin mövcud olduğu 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasında dalğalanmağa başlamışdı. 
Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri ilə Naxçıvan Ali Məclisi tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymətin verilməsi, o cümlədən 1991-ci ilin fevralında SSRİ-nin gələcəyi ilə bağlı referendumun Naxçıvanda boykot edilməsi kimi mühüm siyasi qərarlar Naxçıvanı müstəqilliyimizin bərpası uğrunda milli azadlıq mübarizəsinin önünə çıxarmışdı. Başqa cür desək, Heydər Əliyevin liderliyi ilə Naxçıvan xalqımızın müstəqillik mücadiləsinin aparıcı ünvanına çevrilmişdi. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin böyük uzaqgörənliklə verdiyi siyasi qərarlar Azərbaycanda milli mübarizənin hər bir iştirakçısında böyük ruh yüksəkliyi yaratmış, onların sıralarını genişləndirmiş, tezliklə dövlət müstəqilliyimizin bərpasına olan ümummilli inamı daha da möhkəmləndirmişdi.
Bu gün bayrağımız bütün dünyada, beynəlxalq təşkilatlarda, xarici ölkələrdəki səfirliklərimizdə dalğalanaraq, idmançılarımızın qalib olduğu mötəbər idman yarışlarında ucaldılaraq müstəqil Azərbaycan dövlətinin varlığını təcəssüm etdirir. Cənab Prezident İlham Əliyevin bayrağımıza göstərdiyi böyük ehtiram, noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü təsis olunması milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir.
Böyük fəxarət hissi ilə qeyd etmək istərdim ki, Vətən müharibəsində qazandığımız qələbə həm də Azərbaycan bayrağının təntənəli zəfərinə çevrildi. Müharibə günlərində şanlı ordumuzun qəhrəman hərbçilərinin işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımızın fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevə qələbə məruzələrini etmələrini hər birimiz böyük qürurla izlədik. Müharibədən sonra cənab Prezidentin azad edilmiş ərazilərimizə səfərlər edərək öncə Azərbaycan bayrağını ucaltması milli qürurumuzun təntənəsinə çevrildi.
Artıq Azərbaycan bayrağı uzun illər erməni məkrinin yuvası olmuş Xankəndidə də dalğalanır. Sonuncu dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xankəndidə dalğalanmış üçrəngli bayrağımız 103 il sonra möhtərəm İlham Əliyev tərəfindən erməni separatizmindən azad edilmiş bu doğma şəhərimizdə yenidən ucaldıldı. Beləliklə, ilk dəfə Heydər Əliyevin Naxçıvanda rəsmi şəkildə ucaltdığı bayrağımız indi Xankəndidə də qürurla dalğalanır, qalibiyyətimizi dünyaya bəyan edir.
Heydər Əliyevin düşməndən qoruduğu, milli azadlıq mücadiləsində tarixi qərarlar qəbul etdiyi Naxçıvan Muxtar Respublikası isə bu gün Prezident İlham Əliyevin qayğısı ilə inkişaf edir, yeni uğurlara imza atır. Son dövrlərdə muxtar respublikada bütün sahələrdə baş verən dəyişikliklər göstərir ki, dövlət başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələr uğurla icra olunur. İslahatların, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nin icrası nəticəsində muxtar respublikanın inkişafında tamamilə yeni mərhələ başlayıb.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı

“Azərbaycan”