Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Elxeber.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramının 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Həmçinin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.