Türkiyədə həyata keçirilən "Qoruyucu ailə" modeli və ailə bütövlüyünün qorunması məqsədilə tətbiq olunan Sosial-İqtisadi Dəstək xidməti Azərbaycanda da reallaşacaq. Bununla bağlı iki ölkənin səlahiyyətli qurumları fəaliyyətə başlayıb.

Elxeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi açıqlama verib.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanığa məktub yazıb və "Qoruyucu ailə" layihəsinin Azərbaycanda həyata keçirilməsi üçün əməkdaşlıq istəyini bildirib. 

İki ölkənin səlahiyyətli orqanlarının keçirdiyi onlayn görüşlərdə iş planı yaradılıb və bu çərçivədə yerində araşdırmalar aparmaq üçün Türkiyəyə səfərlər edilib.

Səfər çərçivəsində Azərbaycan rəsmiləri İstanbul və Ankarada himayədar ailələr və belə ailələrdə böyümüş gənclərlə görüşüb.

Azərbaycan rəsmilərinə himayədar ailə ilə yanaşı, ailə bütövlüyünün qorunması və uşaqların ailələri ilə birlikdə böyüməsini təmin etmək məqsədilə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən göstərilən Sosial-İqtisadi Dəstək (SİD) xidməti haqqında ətraflı məlumat verilib.

Türkiyənin müvafiq nazirliyindən verilən açıqlamaya görə, araşdırmaların nəticələrinə uyğun olaraq 2022-ci il üçün fəaliyyət planı hazırlanıb. Bu çərçivədə, bu il Türkiyənin qoruyucu ailə xidməti modelinin və SİD xidməti modelinin yaradılması üçün Azərbaycanın Əmək və Sosial Müdafiə Nazirliyinə, uşaqların müdafiəsi orqanlarına  dəstək veriləcək. 

Türkiyəli mütəxəssislər himayədar ailə modeli ilə bağlı yerində araşdırmalar aparacaq. Azərbaycanda himayədar ailə xidmətinin baza strukturu yaradıldıqdan sonra bu sahədə çalışan 60 əməkdaş Türkiyədə təcrübəli mütəxəssislər tərəfindən qoruyucu ailə xidmətinin həyata keçirilməsi ilə bağlı 10 günlük təlim keçəcək.

Azərbaycanda himayədar ailə xidməti sahəsində istifadə olunacaq əsas sənədlərin yaradılmasına dəstək göstəriləcək, şəxsi heyətin vaxtaşırı distant təhsili təşkil olunacaq.

Tədqiqatlar çərçivəsində bir il ərzində Azərbaycanda çalışan kadrlara məsləhət dəstəyi verilməsi, uşaqların müdafiəsi sahəsində yeni layihələr həyata keçirərək Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın artırılması hədəflənir.

Bundan əlavə, himayədar ailə xidməti Azərbaycanda sınaqdan keçiriləcəyi halda, 30 iyun 2022-ci il tarixində Qoruyucu Ailə Günü münasibətilə Türkiyədə keçiriləcək tədbirə Azərbaycandan bir himayədar ailənin dəvət edilməsi nəzərdə tutulur.