İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-sində başladı. 28 il ərzində işğal altında qalan Qarabağın rayonları Azərbaycanın ən böyük problemi idi. Azərbaycan xalqının və güclü ordusunun səyi nəticəsində işğal altında olan torpaqlarımız azad olundu. Noyabrın 8-i “Zəfər Günü” elan edildi.

Birinci Qarabağ müharibəsi Azərbaycanın məğlubiyyəti ilə başa çatmışdı. Xalqımız çətin, məşəqqətli günlər yaşadı. Ancaq bu qanlı və faciəli günləri unutmadı.

Elxeber.com xəbər verir ki, bu fikirləri "Azərbaycan Yəhudi Media Mərkəzi"nin direktoru Nəsimi Əbilov bildirib.

"Dövlətimizin iqtisadiyyatı və ordusu gücləndi. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda müharibəyə bütün bölgələrdən getmək istəyən gənclərimiz var idi. Bu onu göstərirdi ki, Azərbaycan xalqı birlik nümayiş etdirir. Azərbaycan xalqı zəfər çaldı. Bu böyük uğurda hər bir vətəndaşımızın ilk növbədə şanlı ordumuzun böyük əməyi var. 44 gün… Cəmisi 44 gün çəkmiş olan Vətən müharibəsinin sonu 30 il ərzində əldə oluna bilməyən Qələbə ilə bitmişdir. Azərbaycan Ordusu bu zaman ərzində ölkənin 20% işğal olunmuş bütün torpaqlarını geri qaytarmış və bütün dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxmışdır. Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 2023-cü ilin 19 sentyabrında 24 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağ üzərində tam suverinliyini bərpa etdi",-deyə Əbilov vurğulayıb.

Direktorun sözlərinə görə, müharibə bitsə də, xalqımızın mübarizəsi bitməyib: "Artıq Azərbaycan xalqı Cənubi Qafqazda öz sözünü dedikdən sonra yeni sınaqların öhdəsindən gəlmək üçün daha da birlik nümayiş etdirməli və bu birliyi dünya səviyyəsində tanıtdırmalıdır. Bizim regionun mürəkkəb geosiyasi vəziyyəti var. Bu mürəkkəb vəziyyətdə düzgün hərəkət etməyimiz məhz millətimizin bir məfkurə altında birləşməyindən keçir.

Azərbaycan Yəhudi Media Mərkəzi olaraq biz də Azərbaycan xalqını “Zəfər Günü” münasibətilə təbrik edirik. Öz prinsiplərimizə sadiq qalaraq Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, mədəni hadisələri mediamızda işıqlandırırıq və bu proses uğurla davam etdiriləcək. Yaşasın Azərbaycan Xalqı, Yaşasın Azərbaycan Ordusu".