Britaniyanın “The Guardian” qəzetində 40 ildən çox çalışan karikaturaçı Stiv Bell İsrailin baş naziri Binyamin Netanyahunun şəklini çəkdiyinə görə işdən çıxarılıb.

Rəssam Bell çəkdiyi Netanyahunun son şəklinin “antisemitizm” olması ittihamı ilə uzun illər çalışdığı qəzetdən qovulub.

İşdən çıxarıldıqdan sonra karikaturanı başqa bir qəzetə göndərən Bell açıqlama verərək “The Guardian” əməkdaşlarından Şekspirin "Venesiya taciri" tamaşasındakı yəhudi obrazı Şilokun tacir Antonoydan "bədəndən bir kilo ət" istəməsinə işarə edərək "şifrəli mesaj" aldığını bildirib. Əsərini qəzetin ittihamlarına qarşı müdafiə edən 72 yaşlı karikaturaçı “The Guardian”ın narahatlığını anlamadığını bildirib və deyib: “Qəzet hətta çəkilməmiş karikaturalarımın məzmununu nəzərdən keçirmək üçün belə yeni bir prosesə başlayıb. Müqaviləmin gələn ilin aprelində bitməsinə baxmayaraq, karikaturalarının nəşr olunmayacağı söylənilir”.

Qarnında Qəzza zolağının konturlarından ibarət kəsiyin yer aldığı karikaturada Netanyahu öz bədənində neştərlə əməliyyat etməyə hazırlaşarkən təsvir edilib. Şəklin üstündə “Qəzza sakinləri, tez rədd olun” yazılıb.