Məktəbəqədər təhsil müəssisələri ilə bağlı vahid məlumat bazası yaradılacaq.

Bunu, Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu bazada məktəbəqədər təhsil müəssisələrində uşaqlar və müəllimlər üçün olan vakant yerlər barədə məlumat yerləşdiriləcək.

Nazirin sözlərinə görə, Azərbaycanda 1825 məktəbəqədər təhsil müəssisəsi var. Onlardan 1692-si dövlət məktəbəqədər təhsil müəssisəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 20-də “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.