Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər nəticəsində Suriyada saxlanılan qadın və uşaqların ölkəyə repatriasiyası həyata keçirilir.

Suriya Ərəb Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qaytarılması və hüquqlarının müdafiəsi məsələləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

Bu barədə Elxeber.com-a Ombudsman aparatından məlumat verilib.

Qeyd olunub ki, Ombudsman Səbinə Əliyeva bu yaxınlarda Suriyadan repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş qadın və uşaqlarla görüşüb.

Ombudsman həmin şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində görülmüş tədbirlər barədə məlumat alıb, onların hüquq və azadlıqlarının təmini vəziyyətini öyrənib, müvafiq tövsiyələr verib.