Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. Ermənistan işğalından azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir.

Ombudsmanın Fərrux kəndində insan qalıqlarının aşkarlanması faktı ilə bağlı yaydığı məlumatda belə deyilir.

Açıqlamada "Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan  qalıqlarının da Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir",-deyə qeyd edilir. 

Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü və onlar haqqında heç bir məlumatın verilmədiyi vurğulanır: "İtkin düşmüş şəxslər haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasətini bir daha sübut edir.

Bu baxımdan beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş  sülh və insanlıq əleyinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşma və qətiyyətli mövqe nümayiş etdirməyə çağırırıq".

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir.