Kanadanın Toronto şəhərindəki Ontario əyalət parlamentinin binası qarşısında 28
May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının
qaldırılması mərasimi keçirilib.
Elxeber.com xəbər verir ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş
tutan mərasimdə Ontario parlamentinin üzvləri, Azərbaycan icmasının və ölkəmizə
dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.
Mərasimi açıq elan edən Kanadanın keçmiş Vətəndaşlıq və
multikulturalizm naziri, ictimai xadim Toni Ruprext Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin 105-ci ildönümünün qeyd olunması məqsədilə keçirilən
tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.
Ontario Qanunvericilik Assambleyası Nümayəndələr Palatasının Komitə sədrinin
ikinci müavini Patris Barns tədbir iştirakçılarını salamlayıb, soydaşlarımızla
birlikdə 105 il öncə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq demokratik və
dünyəvi respublika elan etməsi kimi tarixi hadisənin qeyd olunması mərasimində
məmnuniyyətlə iştirak etdiyini söyləyib. Ontario Qanunvericilik Assambleyası
adından spiker Ted Arnot tərəfindən imzalanmış 28 May – Müstəqillik Günü ilə
bağlı rəsmi təbrik məktubunu “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət
Mərkəzinin rəhbəri Lalin Həsənovaya təqdim edib.
Türkiyənin Torontodakı Baş konsulu Sinem Minqan çıxışında ölkələrimizin
bənzərsiz dostluq, qardaşlıq münasibətinə malik olduğunu qeyd edib. “Bir millət,
iki dövlət” şüarını səsləndirən diplomat ölkələrimizin hər zaman bir-birininin
yanında olduğunu vurğulayıb.
Baş konsul Sinem Minqan, Ontario əyalət parlamentinin üzvü, turizm, mədəniyyət
və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi və Azərbaycan
dilində “Bu gün biz Azərbaycanın Müstəqillik Gününü qeyd etmək üçün burdayıq”
cümləsi ilə çıxışına başlayan Ontario əyalət parlamentinin üzvü Kris Qlover tarixi
hadisə münasibətilə icmamızı təbrik ediblər.
Ontario əyalətinin Baş naziri Doug Ford, Ontario rəsmi müxalifətinin lideri Marit
Stiles, Yaşıllar partiyasının nümayəndəsi Mayk Şrayner tərəfindən imzalanmış
təbrik məktubları və Liberal partiyasının təbriki Azərbaycan icmasına təqdim
olunub.
Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin
rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara
minnətdarlığını bildirib. Kanadada yaşayan azərbaycanlılar olaraq ölkələrimiz
arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün birgə çalışacaqlarını
vurğulayıb.