Mənfi temperaturun təsiri nəticəsində pendirin tərkibindəki faydalı mikroorqanizmlər məhv olur. Bu da məhsulun xarab olmasına səbəb olur. 

Bu barədə Elxeber.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bütün süd məhsulları kimi, pendir də soyuducuda saxlanmalıdır: “Pendirin saxlanma qaydalarına düzgün əməl edilməzsə, tez xarab olar. Belə ki, mənfi temperaturun təsiri nəticəsində pendirin tərkibindəki faydalı mikroorqanizmlər məhv olur. Bu da onun xarab olmasına gətirib çıxarır. Yüksək temperaturda isə pendirin tərkibində insan sağlamlığına ziyanlı mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaranır. Həmçinin aşağı nəmlik pendirin həddindən artıq quruması, yüksək nəmlik isə tez xarab olması ilə nəticələnir. Odur ki, pendirin yaxşı qalması üçün havanın temperaturu 3-8° C, nəmliyi isə 90 %-dən yuxarı olmamalıdır. Əksər pendir növləri üçün optimal saxlanma temperaturu 2-4° C-dir”. 

Məlumatda o da qeyd olunub ki, pendir bütöv halda olduqda soyuducuda 2 aya qədər saxlana bilər. Əgər məhsul doğranmış haldadırsa, saxlanma müddəti 15 günə qədər azalır.