Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

Elxeber.com xəbər verir ki, əvvəlcə dövlət başçısı Bakı Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlətimizin başçısına sərgi haqqında məlumat veriblər.

Bildirilib ki, builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur.

Qeyd edildi ki, “ADEX” müdafiə sərgisinin iştirakçıları arasında Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də sərgiyə qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Milli Təhlükəsizlik Qüvvələrinin ehtiyaclarını ödəmək üçün müdafiə təyinatlı məmulatların, döyüş sursatlarının, zirehli hərbi texnikanın və digər vasitələrin yaradılması, istehsalı, təkmilləşdirilməsi, təmiri, utilizasiyası, idxalı/ixracına və xarici bazarlarda satışına cavabdeh olan nazirliyin pavilyonlarında son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Döyüş kəşfiyyat texnikası, çoxməqsədli, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları, müxtəlif çaplı atıcı silahlar, mühəndislik texnikaları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Türkiyə Respublikası sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Müdafiə sənayesində ən müasir və qabaqcıl texnologiyalardan geniş istifadə edən qardaş Türkiyə sərgidə 42 şirkət ilə təmsil olunub. Bu şirkətlərdən biri olan “HAVELSAN” 1982-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirilməsi Fondunun tərkibində yaradılıb. Şirkət təkcə müdafiə, təhlükəsizlik və İT sahələrində texnologiyaları inkişaf etdirməklə kifayətlənmir, həm də özünün yüksək texnologiyalı proqram həllərini hazırlayır və simulyatorlar istehsal edir. “HAVELSAN”, həmçinin yeni nəsil texnologiyalar, xüsusilə də süni intellektlə əlaqəli məhsullar, layihələr və sistemlər hazırlayır. Prezident İlham Əliyev şirkətin məhsulları ilə tanış olub.

Türkiyəni təmsil edən “Roketsan” şirkəti 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının pavilyonları ilə də tanış olub. Bildirilib ki, ölkəmizlə hərbi əməkdaşlıq edən Pakistanda istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir. Bildirildi ki, “Pakistan Ordnance Factories” (POF) şirkəti beynəlxalq standartlara uyğun geniş çeşiddə silah-sursat istehsal edən ən böyük dövlət müdafiə sənayesi kompleksidir. Pakistan Silahlı Qüvvələrinin və hüquq-mühafizə orqanlarının aparıcı təchizatçısı olmaqla yanaşı, POF dünyanın bir çox ölkəsinə məhsul ixrac edir. POF-un törəmə şirkətləri məhsullarına görə yüksək nüfuza malikdir. “Pakistan Ordnance Factories” şirkəti ISO-9001, ISO-14001, ISO-17025 vǝ OHSAS 18001 kimi beynəlxalq keyfiyyət sertifikatlarını əldə edib.

Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) şirkəti çoxşaxəli hərbi tətbiqlər üçün məhsullar təklif etməklə, ölkənin ən böyük müdafiə istehsalat bölmələrini, əsas tədqiqat və inkişaf fəaliyyətlərinin mərkəzini təmsil edən Pakistanın dövlətə məxsus ilk müdafiə konqlomeratıdır. GIDS şirkəti tədqiqat və inkişaf fəaliyyətlərinə böyük məbləğdə sərmayə yatırır, Pakistanı yüksək texnologiya sahələrində aparıcı investor edir.

Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Lentatek” pilotsuz sistemlər sahəsində uğurlar əldə etmiş şirkətlərdən biridir. Dövlətimizin başçısına şirkətin istehsalı olan pilotsuz uçuş aparatları, hidrogen və yanacaq texnologiyaları, kosmik texnologiyalar və digər istehsalat sahələri barədə məlumat verilib.

“Dearsan” gəmiqayırma və gəmi təmiri zavodu inşa edildiyi 1980-ci ildən Türkiyənin ən mühüm müəssisələri arasındadır. “Dearsan” dəstək gəmisi, korvet (gözətçi) tipli gəmilər, patrul gəmiləri, çevik hərəkət qayıqları, desant gəmiləri, hidroqrafiya və okeanoqrafiya elmi tədqiqat gəmiləri, minaaxtaran gəmilər, özü idarəolunan qayıqlar, mülki nəqliyyat gəmiləri və həmçinin gəmiqayırma zavodunun tikintisi və ya modernləşdirilməsi, dəniz su sərhədlərinin mühafizə sistemləri, sursat istehsalı zavodu kimi müxtəlif mürəkkəb hərbi platformaların tikintisi üzrə ixtisaslaşıb.

Dövlətimizin başçısı İspaniyanın sərgidəki pavilyonu ilə tanış olub. Pavilyonda bu ölkəni “Indra” şirkəti təmsil edir. Şirkət dünyanın aparıcı mühəndislik şirkətlərindən biridir və rəqəmsal sənayedə liderdir. Radar, elektron müdafiə, idarəetmə və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış şirkət öz sistemlərində süni intellekt və virtual reallıqdan istifadə edir. “Indra” şirkəti Avropanın ən böyük və ən qabaqcıl müdafiə proqramı olan FCAS-ın İspaniyadakı milli sənaye koordinatorudur.

Maşınqayırma və kimya sənayesi müəssisəsi yüksək texnologiya və təcrübəyə üstünlük verən Türkiyənin müdafiə sənayesində lider qurumlardan biridir. Müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. Bu müəssisə müştərilərə hərbi sursatlar - raketlər, silahlar, partlayıcı maddələr, barıt, pirotexnika və qaz maskaları kimi geniş çeşiddə məhsullar təklif edir.

“Turkish Aerospace” sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, istehsalı, inteqrasiyası və istifadə dövründə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Aerokosmik və müdafiə sahəsində ən yaxşı yüz qlobal şirkət arasında yer alan “Turkish Aerospace” tərəfindən dizayn və istehsal edilən bütün məhsullar üçün inteqrasiya olunmuş logistika xidməti də göstərilir.

Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə “ASSAN”dır. Şirkət silah və döyüş sursatlarının, o cümlədən onların tərkib hissələrinin, yarımbloklarının, ləvazimatlarının və ehtiyat hissələrinin qabaqcıl texnologiya ilə müasir müəssisələrdə beynəlxalq standartlara uyğun dizaynı, layihələndirilməsi və istehsalı imkanlarına malikdir.

Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonuna da baxdı. Qeyd olundu ki, İran Aviasiya Sənaye Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966-cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.

Pakistan Aeronavtika Kompleksinin stendində təyyarə və aviasiya sistemləri üçün texniki xidmət vasitələri, simulyatorlar və təlim sistemləri nümayiş olunur.

Məlumat verilib ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi müdafiə təyinatlı məmulatların - pilotsuz uçuş aparatlarının, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi, seriyalı istehsalın təşkili və ixracı istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Prezidentinə məlumat verilib ki, Türkiyənin “Aselsan” şirkəti artıq dördüncü dəfədir “ADEX” sərgisində iştirak edir. Şirkətin təqdim etdiyi məhsullar maraqla qarşılanır. Fəaliyyətinə radiorabitə cihazı ilə başlayan şirkət bu gün müdafiə və təhlükəsizlik sahəsində 500-dən çox adda məhsul istehsal edir.

İsrailin milli pavilyonlarında nümayiş edilən eksponatlarla tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, müdafiə, aerokosmik və kommersiya bazarlarında lider olan İsrail Aerokosmik Sənayesi milli müdafiə və təhlükəsizlik problemlərini həll etmək üçün ən müasir texnologiyadan və onilliklər ərzində sübut edilmiş döyüş təcrübəsindən istifadə edir.

“RAFAEL Qabaqcıl Müdafiə Sistemləri” MMC İsraildə 70 ildən artıqdır ki, hava, quru, dəniz və kosmos üçün kibertəhlükəsizlik sistemlərinin yaradılması ilə məşğuldur. Şirkət təyyarə və aviasiya vasitələri, raket və kosmik qurğular üçün sistem və komplekslər, zirehli döyüş maşınları, radioelektron, peyk, GPS və GSM sistemləri üzrə fəaliyyət göstərir.

Sərgidə İsrailin “Plasan” şirkəti də öz məhsullarını təqdim edir. Şirkət təkərli və tırtıllı döyüş maşınları üçün geniş çeşiddə robot texnologiyaları üzrə ixtisaslaşıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də sərgidə fəal iştirak edir. Fəaliyyət illəri ərzində ANAMA ölkə daxilində və xaricində bir sıra layihələr həyata keçirib. Agentlik hazırda işğaldan azad edilən Qarabağda mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları həyata keçirir.

Dövlət başçısı, həmçinin Qazaxıstanın Sənaye İnfrastrukturunun İnkişafı Nazirliyinin pavilyonu ilə də tanış olub.

Rusiya Federasiyasını “ADEX-2022” sərgisində 13 şirkət təmsil edir. “Rosoboronexport” Rusiyanın müdafiə sahəsi ilə bağlı məhsulların, xidmətlərin və texnologiyaların tam çeşidinin ixracı üzrə yeganə dövlət agentliyidir. Qlobal silah bazarında liderlərdən biri olan “Rosoboronexport” Rusiyanın bu sahədə məhsul ixracının 85 faizdən çoxunu təşkil edir. Agentlik Rusiyanın müdafiə sənayesi üzrə 700-dən çox müəssisə və təşkilatı ilə əməkdaşlıq edir.

Bolqarıstan Respublikasının pavilyonu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “Transmobil” şirkəti 1990-cı ildə Sofiya şəhərində yaradılıb. Şirkət yüksəksürətli kinetik sursatların, kumulyativ-termobarik qumbaraatanların, yüksək effektivliyə malik artilleriya sursatlarının və minaatanların istehsalı üzrə fəaliyyət göstərir.

Sərgidə Ukraynanı təmsil edən “Motor Sich” Açıq Səhmdar Cəmiyyəti hərbi texnika üzrə layihələndirmə, təkmilləşdirmə, istehsal, əsaslı təmir və texniki dəstək sahəsində ixtisaslaşmış çoxşaxəli müəssisədir. ASC-nin istehsal etdiyi məhsullar dünyanın 100-dən çox ölkəsində uğurla istifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sərgidəki pavilyonunda da oldu. Məlumat verildi ki, bu ölkəni təmsil edən “CETC International Co. Ltd” “Çin Elektron Texnologiyalar Qrupu Şirkəti”nin (CETC) beynəlxalq biznes və əməkdaşlıq üzrə əsas platformasıdır. CETC 2021-ci ildə “Fortune Global 500” sıralamasında 354-cü yerdə qərarlaşıb.

Dövlətimizin başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “AZAD Sistemlər” müəssisəsinin istehsal etdiyi hərbi texnika ilə tanış olub.

Sonra Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.

Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və digər aktual mövzular üzrə sessiyalar keçiriləcək.

Beləliklə, IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.