İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.

Elxeber.com xəbər verir ki, Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəziblər.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə – 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.

Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət ediblər.