Bu ilin sonuna qədər və növbəti bir-iki il ərzində görüləcək işlərlə bağlı öz tapşırıqlarımı bir daha vermək istəyirəm. Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam.
Bu barədə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident İlham Əliyev bildirib ki, digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır: "Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir”.