Məişət zorakılığı bu gün dünyanının diqqətində olan, narahat edən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qadınlara (15-49 yaş arasında) qarşı zorakılığın yayılma nisbətləri Qərbi Sakit Okeanı Bölgəsində 20 faiz, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22 faiz və Amerika Bölgəsində 25 faiz, ​​Afrika bölgəsində 33 faiz arasındadır. Şərqi Aralıq dənizi Bölgəsində 31 və Cənub-Şərqi Asiya Bölgəsində 33 faiz təşkil edir.

Azərbaycanda da qadınlar məişət zorakılığına məruz qalır. Elxeber.com-un məlumatına görə, hazırda ölkəmizdə hər 100 min qadına nisbətdə ailə münaqişəsi və məişət zorakılığı cinayətlərinə məruz qalmış qadınların sayı 17 nəfər təşkil edir. Bu rəqəm digər ölkələrlə, xüsusilə, inkişaf etmiş ölkələrlə, eyni zamanda, İstanbul Konvensiyasını qəbul edən ölkələrlə müqayisədə aşağıdır. Statistika göstərir ki, qanunun işlək olduğu Avropa ölkələrində belə, qadın hüquqları pozulur və belə hallar şərq ölkələrinə nisbətdə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada təxminən hər üç qadından biri (30 faizi) həyatı boyunca yaxın partnyoru və ya başqa bir şəxs tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Avropa Birliyinin Statistika İdarəsinin (Eurostat) 2017-ci il məlumatlarına görə, Fransa qadınların qətlə yetirilməsi üzrə AB-də liderdir. 2017-ci ildə Fransada 601, Almaniyada 380, İngiltərədə 227, İtaliyada 130, İspaniyada 113 qadın öldürülüb. Cinsi təcavüz və təqib hadisələrinin sayına görə İngiltərə AB-də birinci yerdədir. 2017-ci ildə İngiltərədə təcavüzə məruz qalan qadınların sayı 48122, Fransada  14.899, Almaniyada  7831 və İsveçdə 6810 olub.

Azərbaycanda ötən il məişət zorakılığı (ailə münaqişəsi) nəticəsində baş verən  (qeydiyyata alınan) cinayətlərin sayı cəmi 1499 olub.

Bu cinayətlərin 62-si  sərxoş vəziyyətdə olanlar, 220-i  isə əvvəllər də cinayət etmiş şəxslər tərəfindən törədilib.

Bu cinayətlərdən 59-u qəsdən adam öldürmə faktı kimi qeydə alınıb. Qəsdən adam öldürənlərin 5-i sərxoş, 7-si isə əvvəllər məhkum olanlar olub. Adam öldürməyə cəhd (31 fakt) edənlərin  bir nəfəri sərxoş,  9 nəfəri isə məhkumluğu olanlar olub.

Qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı 45, qəsdən sağlamlığa az zərər vurmaqla bağlı 126 cinayət qeydə alınıb.

Qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı isə 1202 fakt qeydə alınıb ki, onlardan 53-ü sərxoş, 167-si isə məhkumluğu olanlar tərəfindən  törədilib. Əzab vermə ilə bağlı 7, öldürmək və ya ağır zərər vurmaqla hədələməklə bağlı 6, digər cinayətlərlə bağlı 23 fakt qeydə alınıb.  

Qeyd edək ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir.

BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”.

Elxeber.com