Azərbaycan təbii ehtiyatlarla zəngin olduğu halda coğrafi mövqeyi ilə əlaqədar su ehtiyatı baxımından aztəminatlı ölkələr sırasındadır və su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri əsasən transsərhəd çay sularından asılıdır. Respublikamızın ərazisində su ehtiyatları qeyri-bərabər paylanılıb. Nisbətən su ilə təminatlı ərazilərimiz Şəki-Zaqatala, Lənkəran təbii vilayəti, Kiçik Qafqazın əraziləri hesab olunur. Hazırda su ehtiyatlarımız iqlim dəyişmələrinin təsiri ilə azalmağa doğru gedir.

Elxeber.com xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri coğrafıya elmləri doktoru, professor Rza Mahmudov məlumat verib.

Professor qeyd edib ki, iqlim dəyişmələrinin təsirindən 15-20 faizədək çaylarda illik axımın azalması baş verir. Kürə çox sayda su nasosları qoyulub, çay məcralarından qum, daş, çınqıl çıxarılır və bunlar çayların axımına, məcranın deformasiyasına təsir edir. Çay sularından istifadə elmi əsaslarla tənzimlənməlidir.

1990-cı ilə qədər Qarabağın ərazisində ümumi çay su ehtiyatları 2,14 kub km olaraq hesablanmışdısa, hazırda bu rəqəm 1,93 kub km təşkil edir. Yəni Qarabağ ərazisindən axan çaylarda 10 faizə qədər azalma müşahidə edilir. Oradakı su ehtiyatı potensialı respublikanın su ehtiyatını 5-6 faiz artıra bilər.