“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi “Qazilərin, şəhid ailələrinin sosial problemlərinin araşdırılması və həllinə dəstək“ adlı layihənin icrasına başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icra müddəti 4 aydır.

Birliyin sədri, layihə rəhbəri Esmira Orucova Elxeber.com-a layihənin məqsədi haqqında məlumat verirb: "Məqsədimiz qazilərin, həmçinin şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial problemlərinin araşdırılması, aradan qaldırılmasının yollarını taparaq, həllinə dəstək verməkdən ibarətdir".

E.Orucova bildirib ki, qazilərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet istiqamətlərindən biridir: “Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı qazilərə diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik”. 
Sədrin sözlərinə görə, layihə çərçivəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarında qazilər, şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri ilə sorğular keçiriləcək. O qeyd edib ki, problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT-lərin görüşləri keçiriləcək.

Daha sonra ictimai birlik tərəfindən təklif və tövsiyələr hazırlanaraq, müvafiq qurumlara müraciətlər olunacaq.