Qoxubilmə hissinin pozulmasına anosmiya (qoxubilmənin tam itməsi), hiposmiya (qoxubilmənin azalması), parosmiya (təhrif olunmuş qoxu hissləri) və hiperosmiya (həddindən artıq qoxu həssaslığı) daxildir. Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrin əksəriyyətində qoxubilmənin tam və ya qismən itməsi müşahidə edilir. İybilmə funksiyasını yoxlamaq üçün dörd qoxu detektorundan istifadə olunur: xəstəyə naşatır spirti, aseton, benzin, kəskin iyli ətirlər və qida iyləmək təklif olunur.

Elxəbər.com-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa deyib.

Həkim-mütəxəssis bildirib ki, COVID-19-un səbəb olduğu iybilmə və dadbilmə hissinin itməsi əlamətləri ilə qrip və ya soyuqdəymənin eyni əlamətləri arasında müəyyən fərqlər var: “Koronavirus xəstələrinin qoxubilmə hissinin itməsi virusun burun, boğaz və dil arxasında yerləşməsi nəticəsində baş verir. Soyuqdəymə zamanı isə hava yolunun maneə törətməsi qoxubilmə və dadbilmə hissini dəyişir. Qrip zamanı həmin əlamətlərə burun tıxanıqlığı səbəb olur. Soyuqdəymə və tənəffüs yolu virusları ilə xəstələnən zaman burun tıxanıqlığı dadbilmə hissinin azalması ilə nəticələnir. Koronavirus isə dadbilməyə birbaşa təsir edir və dadların tam dəyişməsinə gətirib çıxarır”.

V.P.Mustafa qeyd edib ki, xəstələr iybilmə hissini itirəndə bəzən təşvişə düşürlər: “Onlar iybilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, lakin bu, doğru deyil. Bu, burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Belə olan halda, qoxu reseptorlarını oyatmaq üçün tərkibi müalicəvi otlardan ibarət olan “Composor 16” və “Sinusol” spreylərindən, ya da el arasında "Vyetnam mazı" adlanan müalicəvi maye balzamdan istifadə etmək tövsiyə edilir. Həmçinin ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxubilmə hissi itənlərə müəyyən məşqlər məsləhətdir. Qoxu məşqləri burun reseptorlarını hərəkətə gətirir və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, deməli selikli epitel qişada yerləşən qoxu reseptorlarında zədələnmə var. Problemin aradan qaldırılması üçün bir ay vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər”.