"Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyət nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Rəqibin fərqli, sürətli oyunçuları var. Yaxşı əks hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq".

Elxeber.com xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Polşanın “Lex” komandasını məğlub edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, qarşıda komandanı daha ciddi sınaqlar gözləyir: "Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir. Bəzən elə qələbələr olur ki, hamıda rahatlıq yaradır. Amma futbol elə səviyyəyə gəlib ki, hansısa rəqibə ciddi yanaşmasaq, bizi də məğlubiyyət gözləyər. 10 milyonluq dəstəkçimiz var, bu gün də şahidi olduq. Kiminin duası, kiminin evində dəstəyi bizimlə idi".

Qeyd edək ki, "Qarabağ" Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəlib. Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1. İki oyunun nəticəsinə görə Ağdam klubu turnirin ikinci təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu iyulun 19-da Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.